Cənub-Şərqi Şirvan düzü və Kür çayı ətrafında elmi ekspedisiya

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin bir qrup əməkdaşı sentyabrın 29-dan oktyabrın 8-dək Cənub-Şərqi Şirvan düzü və Kür çayının mənsəb ətrafı ərazilərində elmi ekspedisiyada olublar.

 

Aqrar üzrə fəlsəfə doktoru İsmayıl Quliyevin rəhbərlik etdiyi ekspedisiyada alimlər-Qəşəm Yaqubov, Tahirə Salmanova və elmi işçi Rauf Hüseynov iştirak ediblər.

 

Əsas məqsəd son yarım əsrdə planetar miqyasda baş verən istiləşmə fonunda respublikanın ən ekstremal coğrafi ərazisində torpaqda gedən dəyişiklikləri qiymətləndirmək, torpaq üzərində aparılan çoxillik monitorinqin nəticələrini və gələcək torpaq tədqiqatları üçün elmi istiqaməti müəyyənləşdirmək olub.

 

Ərazidən bitki və torpaq nümunələri götürülüb, seçilmiş nümunə və müşahidə meydançaları, eləcə də marşrutlar GPS naviqator vasitəsilə dəqiqləşdirilib.

 

Tədqiqatçılar torpaqların antropogen deqradasiya tipi olaraq bitki deqradasiyası, təkrar şorlaşma, bataqlaşma, külək eroziyası, texnogen deqradasiya, təbii olaraq şorlaşma, yuyulma, qumların geniş hərəkətini müşahidə ediblər. Onlar sahələrin qoyun sürüləri ilə normadan çox yüklənməsi və otarma normalarının pozulması, əkin sahələrinin intensiv becərilməsi, ərazidə suvarma normalarına əməl olunmaması, kollektorların təsiri, seliteb landşaftın genişlənməsi, sənaye və sosial infrastrukturun təsirinin bu tip deqradasiyaya səbəb olduğunu qeyd ediblər.

 

İlkin olaraq alınan nəticələr torpaq nümunələrinin fiziki, kimyəvi, aqrokimyəvi analizi aparıldıqdan sonra mütəxəssislər tərəfindən dəqiqləşdiriləcək, əməli təklif və tövsiyələr hazırlanacaqdır.

 



10.10.2020 | 12:29