Akademik Rafael Hüseynovun “Söz məbədi” müəllif filmi nümayiş olunub

AzTV-nin “Mədəniyyət” kanalında Azərbaycan Milli Elmlər Akademiyasının  Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 80 illiyi münasibətilə çəkilmiş “Söz məbədi” adlı ikihissəli müəllif filmi nümayiş olunub.

 

Muzeyin direktoru, akademik Rafael Hüseynovun ssenari müəllifi, quruluşçu rejissoru və aparıcısı olduğu filmin “Nizaminin salamı” adlı birinci hissəsində Nizami Muzeyinin yaranma tarixindən,  yenidən qurulmasından, burada təqdim olunan eksponatlardan bəhs edilir.

 

Akademik R.Hüseynov bildirib ki, muzey dahi şair Nizami Gəncəvinin anadan olmasının 1941-ci ilə təsadüf edən 800 illik yubileyindən öncə, 1940-cı illərin əvvəllərində qurulub tamamlansa da, Azərbaycanın da tərkibinə daxil olduğu SSRİ-nin İkinci Dünya müharibəsinə cəlb edilməsi ilə əlaqədar qapılarını tamaşaçıların üzünə yalnız 1945-ci ilin mayın 14-də – faşizm üzərində Qələbədən  bir neçə gün sonra açıb.

 

Filmdə muzeyin zallarında nümayiş olunan eksponatlar barədə danışılıb, XVIII əsrdə yaşamış Pənah xanın köynəyi, Ömər Faiq Nemanzadənin qələmi, Mirzə Fətəli Axundzadəyə məxsus olan masa və oturacaqlar, Azərbaycan ədiblərinin yaradıcılıqla məşğul olduqları zaman istifadə etdikləri çıraqları diqqətə çatdırılıb.

 

R.Hüseynov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Nizami Muzeyinə böyük rəğbət bəslədiyini və ona xüsusi diqqətlə yanaşdığını bildirib. O, ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə muzeyin əsaslı təmir edilərək yenidən qurulduğunu vurğulayıb.

 

Onun sözlərinə görə, söz, sənət ocağı olan Nizami Muzeyi artıq ölkəmizin aparıcı elm məbədlərindən birinə çevrilib. 2000-ci illərin əvvəllərindən etibarən muzey öz ətrafında ölkənin təcrübəli alimlərini, istedadlı gənclərini birləşdirərək, muzey fəaliyyəti ilə yanaşı, ədəbiyyatşünaslıq, şərqşünaslıq və muzeyşünaslıq araşdırmalarının yer aldığı məkan mərtəbəsinə ucalıb: “80 yaşlı Nizami Muzeyindəki elmi araşdırma və yaradıcılıq şöbələrinin sayı artıq 20-yə yaxınlaşır. Son 15 ildə muzeydə yetişmiş alimlərin sayı qurumun bütün tarixi boyu buradan pərvazlanmış alimlərin sayından daha çoxdur. Azərbaycan elminin gələcəyi olan muzeyin yetişdirdiyi gənclərin bir çoxu artıq ölkəmizin hüdudlarından kənarda da tanınmaqdadır. Bu gənclərin başlıca amalı yurdumuzun üstünlüyünü elm vasitəsilə dünyaya göstərməkdir. Dahi Nizaminin də dediyi kimi, “Qüvvət elmdədir başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz!”.

 

Sənədli filmin “Yaddaş körpüsü” adlı ikinci hissəsində bu elm və mədəniyyət ocağının ötən dövrdə keçdiyi yolu əks etdirən nadir tarixi məlumatlar təqdim edilib. Muzeyin uzun illər karvansaray kimi istifadə olunduğunu söyləyən R.Hüseynov bildirib ki, 1915-ci ildə memar A.Nikitin tərəfindən binanın layihəsində bir sıra dəyişikliklər edildikdən sonra bu əzəmətli bina “Metropol” mehmanxanası kimi fəaliyyət göstərib. Direktor vurğulayıb ki, 1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra məhz bu mehmanxana Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələrinin yaşayıb fəaliyyət göstərdiyi mərkəzə çevrilib. 

 

Ekran əsərində muzeyin indi Fəvvarələr meydanına baxan hissəsində olan təzə qovaq ağaclarının tarixçəsindən də söz açılıb.  R.Hüseynovun sözlərinə görə, uzun illər Nizami Muzeyinin fotoqrafı işləyən Cavad Axundov fəaliyyət göstərdiyi müddətdə ədəbiyyatımızın bir neçə on ilinin fotosalnaməsini yaradıb. Muzeyə ruhən çox bağlı olan bu insan hər yeni övladı dünyaya gələndə muzeyin önündə təzə qovaq ağacı əkib: “Fotoqraf Cavad Axundovun 10 övladını nəzərdə tutaraq əkdiyi bu qovaqların boyu indi muzeydən də ucaya qalxaraq binanın eyvanındakı 6 şair heykəli ilə birlikdə Nizami evinin rəmzinə çevrilib”.

 

Qeyd edək ki, ikihissəli sənədli filmdə Milli Arxiv İdarəsi, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, eləcə də Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunub.

 

 



12.10.2020 | 14:25