ADNSU-da birinci kurs tələbələri ilə görüş

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) geoloji kəşfiyyat və qaz-neft-mədən fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı bu il tələbə adını qazanmış gəncləri təbrik edərək ADNSU-nu seçdiklərinə, ali təhsil pilləsində ilk addımlarını bu təhsil ocağından atdıqlarına görə tələbələrə, onların valideynlərinə təşəkkürünü bildirib.

 

M.Babanlı tələbələrə ADNSU-dakı möcud təhsil və tədris sistemi, onların biliyinin qiymətləndirilməsi, imtahanların təşkili haqqında məlumat verib. Bildirib ki,  universitetdə yaxşı təhsil almaq üçün hər bir şərait yaradılıb. Yetər ki, tələbə oxumaq, elm, bilik əldə etmək istəsin, bunun üçün səy göstərsin. Onlayn və ya oflayn (ənənəvi formada) olmasından asılı olmayaraq, dərsə ciddi yanaşan, tədris proqramını vaxtında mənimsəyən tələbənin keyfiyyətli elm  qazanması, ixtisaslı mütəxəsis kimi formalaşması üçün heç bir maneə yoxdur.

 

Müasir texnoloji imkanların universitetdə geniş tətbiq olunduğunu vurğulayan rektor bu yeniliklərin tələbələrin təhsilalma şəraitini daha da əlçatan etdiyini deyib. Qeyd edib ki, ADNSU-da yaradılan   Unibook – “Elektron Universitet” sistemi dərs vəsaitlərinin tələbələrə maneəsiz çatdırılması, onların biliyinin qiymətləndirilməsi və digər bu kimi məsələlərin vahid mərkəzdən idarə edilməsini təmin edən elektron platformadır.

 

Görüşdə həmçinin, geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev, qaz-neft mədən fakültəsinin dekanı, professor Qafar İsmayılov, ADNSU-nun İnformasiya Texnologiyaları Departamentinin direktoru Elnur Səfərli, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev çıxış edərək, ADNSU-nun tarixi, inkişaf mərhələləri, burada tələbələr üçün yaradılmış şərait, ali təhsil müəssisəsində mövcud olan mərkəzlərin fəaliyyəti, xüsusi dərnək bölmələri, kredit sistemi ilə tədrisin təşkili, tələbə mobilliyi, TEAMS platformasından, müxtəlif formatlı elektron məlumatlardan, fayllardan istifadə qaydaları və digər bu kimi məsələlər haqqında  məlumat verib, tələbələrin suallarını cavablandırıblar.

 

 

 



12.10.2020 | 17:38