Yaponiyanın Hokkaydo Universitetində Qarabağ mövzusunda açıq dərs

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində dünyanın 22 aparıcı universitetində bu fənn tədris olunur.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən bildiriblər ki, Yaponiyanın ən nüfuzlu 5 universitetindən biri olan Hokkaydo Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə başlanılıb. Dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Hokkaydo Universiteti Slavyan Avrasiya Araşdırmalar Mərkəzinin razılığı əsasında təşkil olunur. Fənni yaponşünas alim, Yaponiya hökumətinin dövlət təqaüdçüsü Əlibəy Məmmədov tədris edir. Dərslər yapon dilində keçirilir.

 

Ötən həftə Hokkaydo Universitetində Ermənistanın sentyabrın 27-dən etibarən növbəti dəfə hərbi təcavüzə əl ataraq təmas xətti boyunca Azərbaycan Ordusunun mövqelərini, Dağlıq Qarabağ ərazisindən çox uzaqda yerləşən yaşayış məntəqələrini iriçaplı silahlardan, artilleriya qurğularından atəşə tutması, mülki əhalini, azyaşlıları qəsdən hədəfə alması, beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasını kobud surətdə pozması mövzularında açıq dərs keçirilib. Açıq dərsdə Dağlıq Qarabağda erməni ordusunun müharibə cinayətləri, Azərbaycan tərəfinin haqlı mübarizəsi, uzun illərdən sonra doğma torpaqlarımızın bir hissəsinin geri qaytarılması ilə bağlı geniş müzakirələr aparılıb.

 

Sonda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihəsi çərçivəsində Azərbaycana səfər etmiş 3 tələbə Vətənimizlə bağlı xatirələrini bölüşüb, onun mütləq şəkildə öyrənilməli və sevilməli ölkə olduğunu vurğulayıb.

 

Azərtac

 

 



13.10.2020 | 11:08