BMU-da I kurs tələbələri ilə daha bir görüş

Bakı Mühəndislik Universitetinin (BMU)  bakalavr pilləsinə qəbul olan I kurs tələbələri ilə növbəti tanışlıq görüşləri keçirilib.

 

İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin idarəedilməsi, həmçinin İqtisadiyyat ixtisaslarının tələbələri üçün təşkil olunan görüşdə ilk kurs tələbələrinə universitet həyatı, onlayn dərslər və s. haqqında ətraflı məlumat verilib.

 

I kurs tələbələrini təbrik edən Biznesin idarə edilməsi kafedrasının müdiri, dosent Nəsimi Kamalov iqtisadiyyat və idarəetmə fakültəsində mövcud olan ixtisaslardan və Biznesin idarəedilməsi ixtisasında tədris olunacaq fənlərdən danışıb. Bildirib ki, BMU-da bakalavr pilləsi ilə yanaşı, magistratura pilləsi və MBA proqramı üzrə tədris həyata keçirilir. Tələbələrin təhsillərinin BMU-da davam etdirilməsi imkanlarından söz açan kafedra müdiri onların karyera perspektivlərinə də toxunub.

 

İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Mayis Əzizov tələbələrə BMU-nu seçməkdə yanılmadıqlarını söyləyib və digər universitetlərdən fərqli olaraq BMU-nun pandemiya dövründən əvvəl də elektron universitet kimi fəaliyyət göstərdiyini, hazırki dövrdə bu işin daha da təkmilləşdirildiyini diqqətə çatdırıb.

 

İqtisadiyyat və idarəetmə fakültəsinin elmi işlər üzrə dekan müavini Fərid Cəbiyev onlayn dərslərə qoşulma, Tələbə Məlumat Sistemi (TMS), dərs qeydiyyatı barədə təqdimatla çıxış edib.

 

Dünya iqtisadiyyatı kafedrasının müdiri Şəhriyar Muxtarov isə mövcud pandemiya şəraitində distant təhsilin təşkili haqqında informasiyaları diqqətə  çatdırıb, eyni zamanda kafedranın məsul şəxslərini tələbələrə təqdim edib.

 

Gün ərzində növbəti görüş pedaqoji fakültənin Riyaziyyat müəllimliyi və Fizika müəllimliyi ixtisaslarının tələbələri üçün təşkil edilib. Fakültənin tədris işləri üzrə dekan müavini, dosent Seyran Qayıbov gənc ali təhsil ocağı olan BMU-nun tarixindən danışıb.

 

Riyaziyyat kafedrasının müdiri, dosent Rakib Əfəndiyev ingilis dilində təhsil almağın üstünlüklərindən bəhs edərək Riyaziyyat müəllimliyi ixtisasını bitirən tələbələrin iş perspektivlərinə toxunub. İngilisdilli kadrlara böyük ehtiyac olduğunu söyləyən kafedra müdiri ötən tədris ilində 7 tələbənin “Landau School”-da praktika keçdiyini və həmin məzunların hazırda orada işlədiklərini sözlərinə əlavə edib.

 

Sonda universitetin tanıtımı ilə bağlı videoçarx nümayiş olunub.

 

 



15.10.2020 | 10:03