BSU-da tələbələrin onlayn qeydiyyatı başa çatıb

Məlum olduğu kimi, sentyabrın 25-dən etibarən Bakı Slavyan Universitetində (BSU) 2020-2021-ci tədris ilində I tədris ilinə qəbul olunan tələbələrin qeydiyyatının onlayn formada həyata keçirilməsinə başlanılıb.

 

Universitetə ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunan tələbələrin qeydiyyatının onlayn formada təşkil edilməsi məqsədilə rektor Nurlana Əliyevanın  sədri olduğu və tərkibinə bu ali təhsil müəssisəsinin müvafiq strukturlarının əməkdaşlarının daxil edildiyi 11 nəfərdən ibarət Sənəd Qəbulu Komissiyası yaradılıb.

 

Universitetdən bildirilib ki, BSU-ya ali təhsilin bakalavriat səviyyəsinə 26 ixtisas üzrə 950 nəfər qəbul olunub.

 

Qeyd edilib ki,  Sənəd Qəbulu Komissiyası tələbələrin onlayn qeydiyyatını çevik şəkildə, yüksək peşəkarlıqla həyata keçirib və vətəndaş məmnunluğunu təmin edərək,  üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib.

 

Onlayn qeydiyyat oktyabrın 14-də başa çatıb.

 



15.10.2020 | 14:22