“Qürurlu ol, əsgər anası!” layihəsi çərçivəsində əsgər və şəhid ailəsi ziyarət olunub

İşğalçı və təcavüzkar Ermənistanın sentyabr ayının 27-dən başlayan, bu gün də davam edən hərbi təxribatlarına və humanitar atəşkəs rejimi haqqında razılaşmanın tələblərini kobud şəkildə pozmasına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatları uğurla davam edir. Milli Ordumuzun işğal altında olan yaşayış məntəqələrini bir-birinin ardınca düşməndən azad etməsi xalqımızda böyük sevinc hissi və ruh yüksəkliyi yaradıb.

 

Vətəni qoruyan, onun uğrunda döyüşən oğulların arasında Bakı Slavyan Universitetinin  (BSU) məzunları da var.

 

Universitetdən bildirilib ki, BSU-nun rektoru, professor Nurlana  Əliyevanın təşəbbüsü ilə həyata keçirilən  “Qürurlu ol, əsgər anası!” layihəsi davam edir və bu layihə övladlarını hərbi xidmətə yola salıb gözü yolda, qulağı qələbə xəbərində olan məğrur, cəfakeş, fədakar, qürurlu əsgər analarına-Azərbaycan qadınına  mənəvi dəstək olmaq məqsədi  daşıyır.

 

Layihənin davamı olaraq BSU-nun pedaqoji fakültəsinin dekanı, dosent Dilarə Hacıyeva, dekan müavinləri- dosent Nailə Xəndan, dosent Lalə Mikayılzadə universitetin məzunları- hazırda hərbi xidmətdə olan İlkin Salayev və Mahmud Atamalıyevin ailələrini ziyarət ediblər.

 

Əsgər İlkin Salayevin anası Ruhiyyə Salayeva, nənəsi Həqiqət xanım, əsgər Mahmud Atamalıyevin anası Rəxşəndə Atamalıyeva, bacısı və qardaşı  əzizlərinin təhsil  aldığı  universitetin müəllimlərinin  diqqətindən məmnun olduqlarını bildiriblər. Əsgər anaları Vətən torpaqlarının işğaldan azad olunmasında övladlarının iştirakından qürur duyduqlarını bildirməklə yanaşı, torpaqlarımızın tezliklə işğaldan azad olunması, bütün əsgərlərimizin sağ-salamat dönəcəkləri günü səbirsizliklə gözlədiklərini vurğulayıblar.

 

Universitetdən o da bildirilib ki, pedaqoji fakültənin tələbəsi Nübar Adişovanın qardaşı Qüdrət Adişov Vətən uğrunda gedən döyüşlərdə şəhid olub. Fakültənin rəhbərliyi şəhidin ailəsini ziyarət edərək, onlara  mənəvi dəstək olub.

 

 



15.10.2020 | 15:00