I kurs tələbələrinin Sumqayıt Dövlət Universiteti ilə tanışlığı

Sumqayıt Dövlət Universitetində I kursa qəbul olunan bakalavr və magistrantların universitetlə tanışlıq görüşləri keçirilib.

 

SDU-nun rektoru, professor Elxan Hüseynov  tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Rektor cəbhə bölgəsində həyata keçirilən hərbi əməliyyatlar nəticəsində işğal olunmuş torpaqlarımızın bir qismində artıq  Azərbaycan bayrağının  dalğalanmasına diqqət çəkib, xalqın bu qələbələrdən qürur hissi keçirdiyini deyib.

 

Universitetin tarixi, müasir inkişaf mərhələləri barədə məlumat verən E.Hüseynov  onu da bildirib ki, Sumqayıt Dövlət Universiteti yüksəkixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini gündən-günə genişləndirən ali təhsil ocağıdır. Onun sözlərinə görə, müasir texnoloji imkanlar  universitetdə geniş tətbiq olunur ki,  bu yeniliklər tələbələrin təhsilalma imkanlarını  daha da əlçatan edir.  

 

Görüşdə ayrı-ayrı fakültələrin dekanları  tələbə adını qazanan gəncləri təbrik edib, təhsilə və gəncliyə göstərilən dövlət qayğısından danışıblar.

 

SDU-da tələbələr üçün yaradılmış şərait, ali təhsil müəssisəsində mövcud olan mərkəzlərin fəaliyyəti,  kredit sistemi ilə tədrisin təşkili, tələbə mobilliyi, Microsoft Teams  və  Zoom  platformaları üzərindən  onlayn şəkildə keçirilən dərslər, müxtəlif formatlı elektron məlumatlar və kitabxanadan istifadə qaydaları haqqında tələbələrə məlumat verilib.

 

Hər tələbə öz ixtisasına uyğun auditoriya və müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda, əcnəbi dinləyicilərin hazırlıq otağında, Erasmus+Petra təlim və öyrənmə mərkəzində, Erasmus+ Moodle elektron laboratoriyasında, Linqvistik mərkəzdə və açıq səmada elektroenergetika üzrə Tədris muzeyi , eləcə də yüksək gərginlikli yarımstansiya Tədris poliqonu ilə tanış olublar.

 

Sonra tələbələr asudə vaxtlarının səmərəli təşkili üçün universitetin həyətində yaradılan şahmat lövhəsi, süni örtüklü futbol,voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün qurulmuş köşklərə baxıblar. Bildirilib ki, universitetin idmançı tələbələri respublika,  Avropa,  Asiya və dünya səviyyəli idman yarışlarında iştirak edirlər.

 

Qeyd edək ki, I kursa qəbul olunan bakalavr və magistrantların  universitetlə tanışlıq görüşləri oktyabrın 16-dək davam edəcək.

 



15.10.2020 | 15:34