MEK-də Azərbaycanın akademiklərinin foto qalereyası

Məlum olduğu kimi, Azərbaycan elminə innovativ xidmət istiqamətində görülən işlərin davamı olaraq, AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) aparılan islahatların əsas tərkib hissələrindən biri də Akademik fondların yaradılmasıdır.

 

Akademik fondların təşkili elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş bir prosesdir. Bu fondlara AMEA-nın Rəyasət Heyətində, elmi müəssisə və təşkilatlarında çalışan və ya çalışmış, eyni zamanda ölkəmizin digər elmi qurumlarında müxtəlif sahələri təmsil edən akademiklərin MEK-ə hədiyyə etdiyi sənədlər, nəşrlər (ənənəvi çap və elektron) və s. kolleksiyalar daxildir. Hazırda kitabxanada bu qəbildən Yevgeni Bertels, Boris Zaxoder, Yevgeni Paxomov, Mikayıl Useynov, Mirzə İbrahimov, Mahmud Kərimov və Akif Əlizadənin şəxsi kitab kolleksiyaları saxlanılır.

 

MEK-dən bildirilib ki, bununla yanaşı alimlərin cəmiyyətdə əvəzolunmaz roluna, onların elmi yaradıcılığının işıqlandırılmasına, elmi irsinin insanlara çatdırılmasına önəm verən kitabxanada akademiklərin fotoşəkillərindən ibarət qalereya da yaradılıb. Foto qalereyanın yaradılmasının əsas məqsədi həm yerli, həm də əcnəbi istifadəçilərin Azərbaycanın elm adamlarını yaxından tanımasına şərait yaratmaqdır.

 

Qeyd edək ki, akademiklərin fotoşəkilləri kitabxananın 2-ci mərtəbəsində, Akademiklər zalının qarşısında nümayiş olunur.

 



19.10.2020 | 12:38