ADNSU-nun xarici tərəfdaşları Azərbaycanın ədalətli mübarizəsini dəstəkləyir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Ermənistanın hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları barədə və Ermənistanın təcavüzkar əməllərinə qiymət verilməsi məqsədilə xarici tərəfdaşlarına ünvanladığı müraciətlərə cavab məktubları gəlib.

 

Universitetdən bildirilib  ki, Türkiyənin İnönü Universiteti, Ukraynanın Poltava Politexnik Milli Universiteti, Rusiyanın Ufa Dövlət Neft-Texniki Universiteti, Polşanın Milli Nüvə Tədqiqatları Mərkəzi, Pakistanın Malakand Universiteti, Kanadanın Alberta Universiteti və digər ali məktəb, elm mərkəzləri Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönəlmiş ədalətli mübarizəsini dəstəklədiklərini ifadə ediblər.

 

ADNSU-nun tərəfdaşları bildiriblər ki, münaqişə bölgəsində baş verənləri diqqətlə izləyir, Ermənistanın  Gəncə şəhərini raketlə vuraraq  dinc vətəndaşların ölümünə  və yaralanmalarına səbəb olmasını qətiyyətlə pisləyir, regionda sülh və əmin-amanlığın tezliklə bərqərar olacağına ümid edirlər.

 

Xatırladaq ki, oktyabrın 19-20-də ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin üzvü olduğu və ümumilikdə 500-dək ali məktəb, elm mərkəzini birləşdirən dünyanın nüfuzlu təhsil təşkilatları - Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası, Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası, Qara dəniz Universitetləri Şəbəkəsi, “Bir Kəmər və Bir Yol” Universitetlər Birliyinə, eləcə də birbaşa əməkdaşlıq etdiyi 97 ali məktəbin rəhbərlərinə rəsmi müraciət ünvanlayıb.

 

 



23.10.2020 | 15:20