BDU-nun jurnalistika fakültəsi bəyanat yayıb

Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin professor-müəllim heyəti beynəlxalq qurumlar və beynəlxalq jurnalist təşkilatlarına bəyanat yollayıb.

 

Bəyanatda Azərbaycan ordusunun erməni təxribatına qarşı 27 sentyabr 2020-ci il tarixindən başlayan əks-hücum əməliyyatları barədə dünya ictimaiyyətinin düzgün məlumatlandırılması istiqamətində hazırlanmış obyektiv, qərəzsiz reportaj və süjetlərin erməni lobbisi tərəfindən təhdid və təzyiqlə qarşılandığı vurğulanıb.

 

Bəyanatda Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamaqla BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymadığı, ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişəni nizamlamaq üçün aparılan diplomatik danışıqları səmərəsiz etməsi göstərilib.

 

Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, bu münaqişənin həm tarixi, həm də hüquqi-siyasi mahiyyəti barədə obyektiv təsəvvürün formalaşmasında beynəlxalq medianın rolunun olduqca önəmli olması qeyd edilib.

 

BDU-nun jurnalistika fakültəsinin professor-müəllim heyəti jurnalistikanın obyektivlik, dəqiqlik və qərəzsizlik kimi ali prinsiplərinin rəhbər tutulmasının vacibliyini nəzərə çatdırıb və beynəlxalq təşkilatların jurnalistlərin peşə fəaliyyəti, hüquq və vəzifələri, informasiya ilə iş prinsiplərinə dair  qəbul etdikləri beynəlxalq sənədlərə istinad edərək xarici təşkilatları, jurnalist qurumlarını məsələyə münasibət bildirməyə, erməni diasporu və lobbisinin media qurumlarına, ayrı-ayrı jurnalistlərə qarşı təhdidlərinə, zorakı hərəkətlərinə son qoymağa çağırıblar.

 



04.11.2020 | 11:21