AzMİU və Türkiyə universitetləri arasında onlayn görüş

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova Türkiyənin İstanbul Texnik və Yıldız Texnik universitetlərinin yeni rektorları ilə onlayn görüş keçirib.

 

Tanışlıq xarakteri daşıyan görüş Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibovanın təşəbbüsü ilə gerçəkləşib.

           

Universitetdən bildirilib ki, görüşün əvvəlində son günlər Azərbaycanda gedən Vətən müharibəsi, bu haqq işimizdə qardaş Türkiyənin göstərdiyi diqqət və dəstək müzakirə mövzusu olub.

 

AzMİU-nun rektoru Azərbaycanda hər kəsin Türkiyəyə sonsuz minnətdarlığını diqqətə çatdırıb. Hər iki universitetin rektoru da bu haqq savaşında həmişə Azərbaycanın yanında olduqlarını dilə gətirib, tezliklə bütün torpaqlarımızın işğaldan azad olmasını arzulayıblar.

            

Görüşdə, həmçinin hər iki universitetlə imzalanan əməkdaşlıq müqavilələrinin yeni tədris ilində daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. İkitərəfli əməkdaşlığın daha səmərəli həyata keçirilməsi üçün müxtəlif istiqamətlərdə birgə işlərin görülməsinin vacibliyi vurğulanıb. Rektorlar  əməkdaşlıq müqavilələrindən irəli gələn birgə elmi-tədqiqat işlərinin aparılması,  konfrans, seminar və simpoziumların keçirilməsi, müəllim, tələbə mübadiləsi və digər məsələlərdən də danışıblar. 

 

 

 



05.11.2020 | 13:08