Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşlara yeni elektron xidmətlər təklif edir

COVID-19 virusunun ölkə ərazisində aşkara çıxmasından bəri xüsusi karantin rejiminin tətbiqi qaçılmaz oldu. Məhz bu səbəbdən bəzi qurumlar, o cümlədən təhsil mühitində fəaliyyət göstərən bir çox  müəssisələr də vətəndaşların lazımi xidmətlərə əlaçatanlığını təmin etmək məqsədilə alternativ xidmətlər təqdim etməyə başladı.

 

Vətəndaşlara xidmət ünvanları

 

Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyində ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, vətəndaşların qəbulunu 2020-ci il dekabrın 1-dək dayandırıb. Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi, eləcə də [email protected]  və ya [email protected]  elektron poçt ünvanları vasitəsilə cavablandırılacaq. Əlavə olaraq, vətəndaşlara Agentliyin internet saytının (www.tkta.edu.az) “Mütəmadi verilən suallar” bölməsi ilə tanış olması tövsiyə olunur.

 

Vətəndaşlar arayışları elektron qaydada əldə edə bilərlər

 

Vətəndaşlar, həmçinin xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) elektron xidmətindən yararlana bilərlər. Belə ki, Agentlik noyabr ayından etibarən tanınma (nostrifikasiya) üzrə müraciət edən vətəndaşlara müraciətinin statusundan asılı olaraq müvafiq arayışları elektron qaydada əldə etmək imkanı da yaradır.  Vətəndaşlar şəxsi kabinetlərinə daxil olaraq E-ərizə bölməsini seçməklə, generasiya olunmuş elektron arayışları PDF formatda əldə edə bilərlər. Bura “Sənədlərə baxılmasına dair e-arayış”  və “Müsahibəyə dəvət olunmaya dair e-arayış”lar daxildir.  Qeyd edək ki, bundan öncə vətəndaşlar qeyd olunan  hər iki arayış növünü imzalı və möhürlü kağız daşıyıcıda əldə etmək üçün rəsmi şəkildə Agentliyə müraciət etməli olurdular.

 

Bununla yanaşı, cari ilin mart ayından etibarən mövcud vəziyyət nəzərə alınaraq, sənədlərinin icra statusu “Şəhadətnamə verildi” olaraq təyin olunan vətəndaşlara şəxsi kabinetlərinə daxil olmaqla onlara təqdim olunan şəhadətnamə sənədini elektron versiyada əldə etmək imkanı yaradılıb.  Zərurət yarandığı təqdirdə, şəhadətnamələri fiziki kağız daşıyıcıda xidməti poçt vasitəsi ilə əldə etmək istəyən  vətəndaşlar  faktiki  yaşayış  ünvanlarını  dəqiq  şəkildə  qeyd  etməklə  [email protected] ünvanına  rəsmi müraciət edə bilərlər. Əlavə olaraq, şəhadətnamələrin həqiqiliyini təsdiq etmək məqsədi ilə Agentliyin rəsmi internet saytına daxil olaraq, “ŞƏHADƏTNAMƏNİ YOXLA” bölməsinə keçid etməklə məlumat əldə etmək mümkündür.

 

Gülnarə İLHAM



06.11.2020 | 13:37