Yaşadığımız günlərin qüruru

Bir neçə gün əvvəl nəinki Azərbaycan, qardaş Türkiyə,həmçinin dünyanın müxtəlif ölkə televiziyaları ilə bütün dünya oktyabr ayının 27-də Ermənistan dövlətinin iradəsi ilə Bərdə rayonundakı Qarayusifli kəndinə atılmış raketlərin öldürdüyü insanlardan biri, 7 yaşlı Aysunun dəfnini gördü. Televiziyalarla göstərilən o kadrı da gördülər ki, həyətə,sadəcə olaraq, oynamaq üçün çıxmış yeddi yaşlı balamız cəbhə bölgəsindən 55-60 kilometr uzaqdakı bir ərazidə, heç bir hərbi obyektin olmadığı bir yerdə amansızlıqla öldürülüb. Bu, düşmənin eyni üsulla oktyabrın 4-də və ondan sonra Gəncəyə, Tərtərə, Ağcabədiyə, Goranboya və digər yerlərə atdığı, həmin vaxta qədər öldürülmüş 69-cu dinc sakinlərdən növbətisi idi. Səhərisi gün düşmən kasetli mərmilərlə təchiz edilmiş raket zərbələri ilə Bərdə şəhərini yenidən hədəfə alacaq. Bu dəfə qurbanların sayı 21 nəfər olacaq, yaralıların sayı isə 50 nəfəri ötəcək.

 

Bu, 1991-ci ildə özünü 1918-ci ildə elan etmiş Ermənistan Respublikasının hüquqi və mənəvi varisi olaraq Cənubi Qafqazda peyda olan bugünkü Ermənistan dövlətinin əxlaq normalarının göstəricilərindən biridir. Həmin dövlətin ki, faşizmi dövlət ideologiyasına çevirmiş, Göyçə, Vedi, Naxçıvan və onlarla digər yerlərdə insan ağlına gəlməyəcək formalarda on minlərlə azərbaycanlını ancaq azərbaycanlı olduğuna görə öldürən və bununla qürurlanan Qaregin Nijdeyə, onun kimi insanlara heykəllər ucaldır, onu “milli qəhrəman” elan edir. Bu, o dövlətdir ki, elan olunduğu vaxtdan günümzə qədər- istər 1918-ci, istərsə də 1991-ci illərdə regionda müharibə və gərginlik ocağına çevrilib. Ermənistan dünyanın barmaqla sayılan dövlətlərindəndir ki, onun ideologiyasında məqsədə çatmaq üçün terror, belə, məqbul sayılır.

 

Bu gün, Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və 27 ildir ki, işğal altında saxladığı ərazilərinin azad olunması uğrunda gedən döyüşlərdə mülki əhalimizin  terrora hədəf olması qonu göstərir ki, bu dövlətin xisləti dəyişməz olaraq qalır. O ideologiyaya sadiq qaldığını daldalamaq fikrində belə olmadığını göstərən bu dövlətdə bir həqiqəti anlamırlar ki, haqq-ədalət uğrunda çarpışmaya qalxan bir milləti bu cür üsullarla tutub getdiyi yoldan döndərmək mümkün deyil.

 

Verdiyimiz şəhidlərin ağrısına baxmayaraq, Azərbaycan bu gün inamlı günlərini yaşayır. Xalqımızın tarixinə yazılan bu günlərin şahidi olmaq imkanını qazanmış hər bir azərbaycanlı üçün qürurlu anlardır . Məsələ ancaq onda deyil ki, 27 il əvvəl zor və ölüm təhdidi altında  çıxarıldığımız müqəddəs torpaqlarımıza Azərbaycan əsgərinin çəkmələrinin izi ilə qayıdırıq, məsələ daha çox onunla bağlıdır ki, həmin 27 ilin içində güclü bir dövlət qura bilmişik və dövlətimiz pozulmuş ərazi bütövlüyümüzü bu gün bərpa edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın arzuları reallığa çevrilir.

 

O da təkzibolunmaz tarixi faktdır ki, azından, son 500 illik tariximizdə Azərbaycan xalqına Qələbə hisslərini yaşamaq nəsib olub və bu, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, onun Ali Baş Komandanının iradəsi ilə baş verir. Onu hər bir azərbaycanlı başa düşür ki, illərlə açıq və yaxud gizli havadarlarının bəslədiyi, gələcək planlar üçün maşa kimi gördüyü düşmənlə ölüm-qalım döyüşlərinin iştirakçısıdır.

 

Hərbi əməliyyatların getdiyi bir ay kifayət qədər ciddi müddət hesab oluna bilər ki, qazanılmış uğurlarımız barədə danışaq

 

  • 1. Ermənistan silahlı qüvvələrinin “keçilməz” hesab olunan müdafiə istehkamlarını adlamağımızla həmin mifi dağıtmağımız;
  • 2. Dağlıq Qarabağın hələ 1919-cu ildə erməni silahlı birləşmələrinin “alınmaz qala” hesab etdikləri, Azərbaycan Cümhuriyyəti ordusunun Qarabağın içərilərinə doğru hərəkətini iki ay müddətində ləngidən Hadrutun qısa bir vaxtda azad edilməsi;
  • 3. Füzuli şəhəri ətrafında düşmənin mühəndis-istehkam qurğularının məhv edilməsi ilə nəticələnən möhtəşəm hərbi qələbəmiz;
  • 4. Cəbrayıl şəhəri də daxil olmaqla Cəbrayıl rayonunun, ardınca Zəngilan şəhəri və Zəngilan rayonunun işğaldan azad edilməsi və İran İslam Respublikası ilə sərhədlərimizi nəzarətə götürmək, daha sonra Qubadlı rayonunun inzibati ərazilərini və Qubadlı şəhərini düşmən qüvvələrindən təmizləməklə həmin nəzarətin funksionallığına nail olmağımız;
  • 5. Cəbhədə qazanılan qələbələrdə Azərbaycan Ordusunu və Ordu ilə nəfəs alan Azərbaycan xalqında qalibiyyət duyğularını yaradaraq onu yeni qələbələrə aparılması;
  • 6. Ən başlıcası, xalq-rəhbər bağlılığının yüz illərlə olmamış səviyyəyə çatdırılması.

 

Əlbəttə, bütün bunlar ancaq bu günə hesablanan taktiki addımlar deyil, hesab edirik ki, gələcək qüdrətli Azərbaycan dövlətinin fundamenti üçün uğurlu başlanğıc, stereotiplərin dağıdılmasıdır.

 

Bunlarla bərabər, hər bir azərbaycanlı unudulmaması vacib olan məsələləri bilir və onları yaddan çıxarmır ki:

 

1. Qarşımızda təşkilatlanmaq tarixindən ibrət götürüləsi düşmənin dayandığını unutmayaq;

 

2. Onu da unutmamaq lazımdır ki, həmin düşmənin təşkilatlanmaq tarixi heç də birbaşa daxili potensialı ilə deyil, türklərə və onlarla ən çox doğma tellərlə bağlı olan azərbaycanlılara qarşı yönələn güclü dövlətlərin uzağagedən siyasətinə bağlıdır;

 

3. Həmin tellərlə bağlı olduğu Rusiya 250 ildir ki, ermənilərə Cənubi Qafqazda təbii hesab etdiyi sputniki kimi baxır;

 

4. Rusiyadan 150 il sonra, Osmanlı İmperiyasının hüdudları daxilində milli və dövləti maraqları olan Fransanın diqqətini çəkən “sürüşkən” millət də ermənilər olmuşdur. O Fransa ki, 1914-cü ilin dekabrında Osmanlı Türkiyəsi ərazisində yaşayan və türklərin həmin vaxtlaracan “milləti- saddiqa” (sadiq millət) adlandırdığı ermənilərdən ibarət nizami erməni ordu birləşmələri yaradaraq Türkiyəyə qarşı müharibədə tərəf kimi qəbul edib;

 

5. 1915-ci ildə üfüqdə iddiaları ilə görünən ABŞ-ın  Osmanlı və Rus İmperiyalarında gələcək planları üçün ermənilər ideal dayaq nöqtəsi kimi diqqəti cəlb etmişdi. Təsadüfi deyil ki, Türkiyə hökumətinin öz vətəndaşları olan ermənilərdən gözlənilən təhlükəni minimuma endirmək üçün onları sərhəd bölgələrdən imperiyanın içərilərinə köçürmək üçün 1915-ci ilin martında qəbul etdiyi qərardan 15 gün sonra bu dövlət hərəkətə keçdi. Konstantinopoldakı erməni kilsəsinin prezident Vilsona mart ayının sonlarında bu qərarın ermənilər üçün təhlükə olduğu ilə bağlı göndərdiyi, həmin il aprelin 24-də Ağ Evə çatan teleqram tarixdə yeni avantüranın əsasını qoydu. O vaxtdan başlayaraq Amerika Birləşmiş Ştatları, bugünkü “tolerant” Fransanın təbliğat maşını üçün “24 aprel soyqırımı” mövzusu Türkiyəyə qarşı ən kəskin silaha çevrildi. Maraqlı burasıdır ki, uzun müddət bu sözdə “soyqırımı” uydurmasını yaxına qoymayan Sovet İttifaqı da kampaniyadan 50 il sonra bu şantajdan NATO Türkiyəsinə qarşı istifadəyə başladı;

 

6. Qəribə “təsadüf”, yoxsa həmin “təsadüf”in doğurduğu reallıqdır ki, bu gün də Dağlıq Qarabağ məsələsinin həlli üçün 28 il əvvəl yaradılmış ATƏT Minsk Qrupunun həmsədr dövlətləri adıçəkilən ölkələr olmaqda davam edir. Bu “təsadüfi” nəzərdə tutan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nüfuzlu dünya kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrindəki hər məqamda “vasitəçi dövlətlərin tərəfsiz olmaları” barədə sadə həqiqəti yada salır;

 

7. Və hesab etmirik ki, həmin üç “sülh göyərçin”i Cənubi Qafqazdakı yanğını söndürmək üçün dimdiyində gətirmək üçün su axtarır.

 

Belə situasiyada uzun illər həmin dövlətlərin dəstəyi ilə xəyali xəritələr cızmağa sövq edilmiş, nəticədə, azğınlaşmış və “milli qəhrəman” kimi erməni tarixində qalmaq istəyən yeni nəslin iddialarını nəzərə almaq hökmən lazımdır. Onu da unutmaq mümkün deyil ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş uğurlu xarici siyasətin davamı olaraq günümüzə qədər aparılan və səmərəliliyi özünü göstərən fəaliyyətin nəticəsi olaraq təklənməmişik. Milyonlarla azərbaycanlılardan biri kimi, qardaş Türkiyə Respublikasına, onun bu gün beynəlxalq miqyasda söz və nüfuz sahibi olan Prezidentinə minnətdarlığımızı ifadə edərək deyə bilərik ki, bu təklənməməkdə Türkiyə dövlətinin və şəxsən cənab Rəcəb Tayyib Ərdoğanın misilsiz rolu unudulmayacaqdır. Həmçinin Pakistan İslam Respublikasının, onun siyasi rəhbərliyinin, sadə pakistanlıların Azərbaycana göstərdiyi dəstək hər bir azərbaycanlının yaddaşına minnətdarlıq hissləri ilə həkk olundu. Dünyanın digər ədalətin yanında dayanan ölkələrinə xalqımızın haqq sözünü, sadəcə olaraq, dinlədiklərinə görə təşəkkür edirik. Dünyada Azərbaycanı, necə varsa, eləcə, bütün mahiyyəti ilə tanıdan və öz xarici siyasətində onu təqdim edən cənab Prezidentimizə sağ olun  deməklə bərabər, xalqının hər məqamda onun yanında olduğunu, ətrafında sıx birləşdiyini bəyan edirik. Onu da bildiririk ki, cəbhədəki məğlubiyyətlərindən quduzlaşaraq dinc sakinləri hədəf alan, mülki əhalidə xof və vahimə yaradacağını zənn edən düşmən bu dəfə də yanılır. Qəlbində Qarabağ təşnəsi olan XALQ qürurumuz olan, Kəbəmiz, Kərbalamız qədər qiymətli Vətən parçasına qovuşmaq üçün hər cür mərhumiyyət, itkilərə hazırdır və QƏLƏBƏ əzmindədir.

 

Təki, Vətən bütöv və var olsun!

 

Cənab Prezidentimiz, şəxsən mən inanıram ki, taleyin Sizin üçün yazdığı bu missiya uğurlu sonluqla bitəcək və Sizə yazılmış o Missiya ilə Cənubi Qafqazda əbədi sülhün Müəllifinə çevrilmək də o Tale üçün yazılıbdır.

 

Uğurlar yol yoldaşınız olsun, cənab Prezident!

 

QƏLƏBƏ Sizinlədir, Ali Baş Komandan!

 

Mahirə HÜSEYNOVA,

filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı

 



06.11.2020 | 16:19