BDU ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında müqavilə

 

Bakı Dövlət Universiteti (BDU) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında “Qadınların iqtisadi güclərinin artırılması yolu ilə ərzaq təhlükəsizliyi və kənd yerlərində yaşayış imkanlarının yaxşılaşdırılması - AFAQ”  layihəsinin icrasında tərəfdaşlığa dair müqavilə bağlanıb.

 

Universitetdən bildirilib ki, müqaviləni BDU tərəfdən rektor Elçin Babayev, FAO tərəfdən isə təşkilatın Azərbaycandakı rəhbəri Melek Çakmak imzalayıb.

 

Müqavilə çərçivəsində BDU-nun sosial elmlər və psixologiya fakültəsinin gender və tətbiqi psixologiya kafedrası tərəfdaş qismində çıxış edəcək. Layihənin əsas məqsədi kənd təsərrüfatı istehsalı ilə məşğul olan qadınlara dəstək göstərilməsi və onların bu sahədə maarifləndirilməsi üzrə təlimlərin keçirilməsidir. Eyni zamanda Azərbaycanda ilk dəfə kənd təsərrüfatı və kənd yerləri üzrə Ölkə Gender Qiymətləndirilməsinin (ÖGQ)  hazırlanması nəzərdə tutulur.

 

Bu əməkdaşlıq həm də  ölkənin dayanıqlı inkişaf hədəflərinə çatması istiqamətində önəmli rol oynayacaq, regionların inkişafı və insan kapitalının yüksəldilməsinə töhfə verəcək.

 

Layihə çərçivəsində FAO tərəfindən ayrılan vəsait kənd yerlərində yoxsulluğun azaldılması, inklüziv və səmərəli kənd təsərrüfatı, ərzaq sistemlərinə imkan yaratmaq, gender bərabərliyini və kənd yerlərində yaşayan qadınların iqtisadi imkanlarının genişləndirilməsini sürətləndirmək üçün sərf olunacaq. Bu isə öz növbəsində regionlarda mövcud olan əmək potensialının daha da inkişaf etdirilməsi və qadınlar üçün kənd yerlərində məşğulluq, eləcə də sahibkarlıq imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.



12.11.2020 | 10:16