BDU-nun tarix fakültəsində “Konstitusiya Günü”

Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsində 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunan tədbir keçirilib.

 

Universitetdən bildirilib ki, onlayn təşkil olunan tədbirdə fakültənin dekan müavini Bəxtiyar Nəbiyev  Qarabağ Qələbəsi ilə bağlı iştirakçıları təbrik edib,  25-ci ildönümü qeyd olunan Konstitusiya Gününün əhəmiyyətindən danışıb.

 

Tarix fakültəsinin dekanı vəzifəsini icra edən professor İbrahim Zeynalov isə Azərbaycanın müstəqillik və dövlətçilik tarixində yeni səhifə açan Konstitusiyanın böyük siyasətçi, Ümummilli lider Heydər Əliyevin şah əsəri olduğunu, müstəqil dövlətçiliyimizin əsas prinsiplərini, xalqımızın istək və arzularını əks etdirdiyini vurğulayıb. O, respublikamızın ərazi bütövlüyünün bərpası ilə Əsas Qanunun təməl müddəalarının ölkənin bütün ərazisində bərqərar olmasının əhəmiyyətindən danışıb.

 

Konstitusiyanın mahiyyəti və hüquqi xüsusiyyətləri haqqında çıxış edən Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov ali qanunverici sənədin müddəaları barədə məlumat verib.

 

Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Azərbaycan Konstitusiyası və azərbaycançılıq məfkurəsinin dövlətimizin gələcək inkişafında və tərəqqisindəki rolundan bəhs edib.

 

Sonda fakültənin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Babazadə və tələbələr mövzu ilə bağlı fikirlərini səsləndiriblər.

 

 



12.11.2020 | 14:42