SDU-da beynəlxalq elmi konfrans

Sumqayıt Dövlət Universitetində (SDU)  "Tətbiqi fizika və energetikanın aktual məsələləri" mövzusunda videokonfrans formatında II Beynəlxalq elmi konfrans keçirilib. Tədbir Kazan Dövlət Energetika Universiteti ilə birgə təşkil olunub.

 

Konfransda Azərbaycan universitetləri ilə yanaşı, Rusiya, Belarus , Ukrayna Gürcüstan, Özbəkistan, Qazaxıstan, o cümlədən, digər ölkələrin aparıcı universitetlərinin alimləri də iştirak ediblər.

 

SDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov Azərbaycan xalqının Vətən müharibəsindəki şanlı qələbəsi münasibəti ilə iştirakçıları təbrik edib. Bildirib ki, bu tarixi zəfər Azərbaycan Ordusunun,  Ali baş Komandanın, bütün Azərbaycan xalqının qələbəsidir.

 

Prorektor ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq layihələr barədə məlumat verib. Konfransın əhəmiyyətindən bəhs edən R.Məmmədov  bu konfransın mövzuya dair sayca ikinci konfrans olduğunu diqqətə çatdırıb:”Son  illər ərzində respublikamızın sosial-iqtisadi tərəqqisinin reallaşmasında mühüm elementlərdən olan energetika sahəsinin inkişafına çox böyük diqqət yetirilib, ölkəmizin elektrik enerjisi təsərrüfatında köklü islahatlar, bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün ardıcıl və kompleks tədbirlər gerçəkləşdirilib. Ötən konfransdan sonrakı dövr ərzində bu sahədə əldə olunmuş nailiyyətlər və qarşıdakı vəzifələr barədə alimlərin fikir mübadiləsinə ehtiyac vardır”. 

 

Kazan Dövlət Energetika Universitetinin elmi işlər üzrə prorektoru, texnika elmləri doktoru İrina Axmetova beynəlxalq elmi konfransın məqsədinin dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən alimləri bir araya gətirmək, bu sahədəki elmi nailiyyətləri və təcrübələri paylaşmaq olduğunu vurğulayıb.

 

Milli Aviasiya Akademiyasının elmi işlər üzrə prorektoru Afiq Həsənov “Kompüterlə idarə olunan akustooptik ləngitmə xətti” mövzusunda çıxış edərək qeyd edib ki, bu sahədə aparılan elmi tədqiqat işləri nəticəsində siqnalların səlis tənzimlənməsini təmin edən birbaşa detek- torlamalı və heterodin tipli akustooptik ləngitmə xətləri yaradılıb, onların nə­zəri əsasları işlənilib.

 

Konfransda dosent Ramiz Hüseynov “Sabit cərəyanın ötürülməsinin tədqiqinin müasir vəziyyəti və perspektivləri” mövzusunda  məruzə ilə çıxış edib.

 

Fizika və elekteoenergetika fakültəsinin dekanı, dosent Tamella Əhmədova beynəlxalq konfransın qarşılıqlı əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyətdən bəhs edib.

 

Konfransın sonrakı işi haqqında məsul katib, fizika və elekteoenergetika fakültəsinin  elektromexanika kafedrasının müdiri, dosent  Turqay Hüseynov məlumat verib. Bildirib ki, konfrans Plenar iclasından sonra öz işini 7 bölmə üzrə iki gün davam etdirəcək.

 



12.11.2020 | 16:26