Tarix İnstitutu Qarabağla bağlı sənədli televiziya filmləri hazırlayacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda ölkəmizin Qarabağdakı möhtəşəm qələbəsi ilə bağlı toplantı keçirilib.

 

AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli bu zəfər münasibətilə xalqımızı, o cümlədən tarixçi alimləri təbrik edib.

 

Akademik bildirib ki,  bu qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, bununla da Tarix İnstitutu qarşısında çox mühüm vəzifələr dayanıb və   institut bu vəzifələrin öhdəsindən layiqincə gələcək.

 

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, elmi müəssisə erməni təcavüzkarlarına qarşı informasiya müharibəsinin uğurla aparılmasında hər zaman yaxından iştirak edib: “Mən Heydər Əliyevin unudulmaz bir vəsiyyətini dönə-dönə yada salıram, o, dəfələrlə deyirdi ki, biz son 200 ilin tarixini yenidən öyrənməliyik. Ulu Öndərimiz XIX-XX əsrləri, xüsusən Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonrakı tarixi nəzərdə tuturdu. Bu tarix Azərbaycanın ikiyə bölünməsi tarixi, xalqımızın məhv edilməsi siyasəti tarixi və soyqırımlar tarixidir. Prezident İlham Əliyev bu vəsiyyəti yerinə yetirərək, Tarix İnstitutunun elmi istiqamətini son 200 ilin tarixinin yenidən yazılmasına, Azərbaycan tarix elminin saxtalaşdırmalardan və təhriflərdən təmizlənməsinə yönəltdi. Prezidentin çağırışlarını, tövsiyə və tapşırıqlarını rəhbər tutan institutda ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, ilk “Azərbaycan tarixi atlası”, Qarabağın, Naxçıvanın, İrəvan xanlığının, xalqımıza qarşı soyqırımlarının, itirilmiş torpaqlarımızın tarixinə dair onlarla qiymətli tədqiqatlar, sənədli filmlər işıq üzü görüb. Bu tədqiqatların müxtəlif dillərə tərcümə edilərək dünyanın aparıcı ölkələrində yayılmasına nail olmuşuq”.

 

Tədbirdə bildirilib ki, institut “Erməni faşizminə qarşı Vətən müharibəsi: Qarabağın işğaldan azad edilməsi” adlı tarixi xronoloji salnamə, “Erməni faşizminə qarşı Vətən müharibəsi: Qarabağın işğaldan azad olunması”, “Azərbaycanın Qarabağ bölgəsindən çıxmış tarixi şəxsiyyətlər”, “Qarabulaq - Füzuli”, “Qarabağ Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən biridir”, “Çar Rusiyasının Azərbaycanın Qarabağ bölgəsində erməni dövləti yaratmaq siyasəti” adlı kitablar və “Erməni faşizminə qarşı Vətən müharibəsi: Qarabağın işğaldan azad edilməsi” adlı sənədli televiziya filmləri hazırlayacaq.

 

 



16.11.2020 | 10:35