BDU və Kyunqvoon Universiteti arasında memorandum

Beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və dünya universitetləri ilə əlaqələrin genişləndirilməsi strategiyasına uyğun olaraq, Bakı Dövlət Universiteti (BDU) Koreyanın Kyunqvoon Universiteti ilə akademik əməkdaşlıq haqqında anlaşma memorandumu imzayıb.

 

Sənədə BDU-nun rektoru Elçin Babayev və Kyunqvoon Universitetinin prezidenti Han Sunq Vok imza atıb.

 

Universitetdən bildirilib ki, memorandum təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır. Memoranduma əsasən, hər iki universitet arasında müəllim-tələbə mübadiləsi, layihə və proqramların işlənib hazırlanması, birgə elmi-tədqiqatların aparılması, müasir tələblərə cavab verən tədris proqramlarının hazırlanması, beynəlxalq konfransların keçirilməsi və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub.

 

Əlavə olaraq qeyd edək ki, Kyunqvoon Universiteti ilə əməkdaşlıq çərçivəsində 2018-ci ildən etibarən BDU-nun nəzdində Koreya mədəniyyətinin və Koreya dilinin xarici və ya ikinci dil kimi yayılması məqsədilə Bakı King Sejong İnstitutu fəaliyyət göstərir.

 

 



16.11.2020 | 11:10