2 Günəş və 2 Ay tutulması hadisəsi baş verəcək

2021-ci ildə  2 Günəş və 2 Ay tutulması hadisəsi proqnozlaşdırılıb.

 

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, birinci Günəş tutulması iyunun 10-da saat 12:12:15-də başlayacaq və 17:11:16-da sona çatacaq.

 

Alimin sözlərinə görə, bu, həlqəvarı Günəş tutulmasıdır, onun maksimumu 14:43:06-da olacaq. Günəş tutulmasının həlqəvarı fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali və Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq.

 

X. Mikayilov ikinci Günəş tutulması hadisəsinin 2021-ci il dekabrın 4-də saat 09:29:16-da başlayıb, 13:37:26-da sona çatacağını bildirib. Bu isə tam Günəş tutulmasıdır. Onun maksimumu 11:34:38-də olacaq.

 

Qismən tutulma hadisəsi Avstraliyanın cənubu, Afrikanın cənubu, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, tam tutulma isə Antarktidada müşahidə olunacaq. Tutulma hadisələri Azərbaycanda müşahidə olunmayacaq.

 

Birinci Ay tutulması hadisəsinə gəlincə, bu, mayın 26-da 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq. Bu, tam Ay tutulmasıdır. Onun maksimumu 15:18:42-də olacaq. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq.

 

X.Mikayılov ikinci Ay tutulması hadisəsinin noyabrın 19-da saat 11:18:41-də başlayıb, 14:47:04-də sona çatacağını qeyd edib. Onun sözlərinə görə, bu, qismən Ay tutulmasıdır. Onun maksimumu 13:02:55-də olacaq.

 

Hadisə Amerikada, Şimali Avropada, Şərqi Asiyada, Sakit okeanda, Avstraliyada müşahidə olunacaq.

 

Hər iki tutulmada Ay üfüqdən aşağıda olduğuna görə hadisələr Azərbaycanda müşahidə olunmayacaq.

 

 



18.11.2020 | 12:25