Tamaşa hazırlığı: Ezop, yenidən qayıt səhnəyə

Mədəniyyət və İncəsənət Universitetindəyik. SABAH qrupunu deyib gəlmişik. Aktyor sənəti 4-cü kurs tələbələrinin növbəti tamaşa hazırlığı xəbərini eşitdik. Min eşitməkdən bir görmək yaxşıdır, deyiblər. Ona görə də birbaşa məşq otağına yollandıq.

“Ezop, yenidən qayıt səhnəyə. Sevgin, ey, çaşdırdınız məni, Kleya, səsindəki hissiyyatı artır”.

Bayaqdan qapının önündə dayanıb içəri daxil olmağa tərəddüd edirdim. Amma zaldan gələn əsl tamaşa sədası qərarsızlığımı üstələdi. Sənət adamın ayağını yerdən üzür, deyirlər. Həqiqətən də tələbələrin və Nofəl müəllimin başı necə qarışmışdısa, gəlişimizi hiss etmədilər. Xeyli məmnun qaldım. Təbii ki, mane olmadıq deyə.

Gilyermo Fiqeyredonun “Ezop” qəhrəmanlıq komediyasının obrazlarının adı imiş, bayaqdan eşitdiklərim.

Tamaşanın təəssüratlarına keçməmiş, bir neçə cümləlik abzasda xatırlatma edim.  SABAH qrupu “Aktyor sənəti” ixtisasının ilk məzunlarını yola salacaq bu il. Özü də bir aktyorun keçməli, yaşamalı olduğu sənət yolunu daha dolğun, bəlkə də tələsik, amma həm də peşəkarcasına qət ediblər.

Növbəti saylarımızda tələbələri şəxsən tanıdıcağıq. Hələlik söz ustadındır.

Sənət dadı ilə baxsaq, növbənöv tamaşalar, Azərbaycanın bir çox teatr səhnəsində uğurlu çıxışlar, estetikası, quruluşu baxımından dərin fəlsəfi əsərlər. Əlbəttə, bu qədər sənət bolluğu onlara özlərini tələbə deyil, elə yetişkin aktyor kimi hiss etməyə yetərlidir. Kurs rəhbəri, Əməkdar artist Nofəl Vəliyev də tələbələrinin özgüvənini məhz keçdikləri dörd ilin gözlənilən nəticəsi kimi qiymətləndirib.

- Aktyor sənətinin tədrisi prosesində ən çətin mərhələ 1-ci və 4-cü kursdur. Çünki təməl önəmlidir. Hansı tələbə ki hələ gələcəyə arxalanır, qarşıda vaxtının olduğunu düşünür, öyrənərəm deyib, sənətinə gözucu yanaşır, sonrakı illərdə ən çox əziyyəti məhz o çəkir. Əlbəttə, əvvəldə çox darıxdırıcı və uzun proses var. Heç bir əyləncəsi yoxdur. Amma bu yol keçilməlidir. 4-cü kurs isə artıq tərəzi hesab olunur. Kimin çəkisi, qabiliyyəti nədir, gözlə görünür. Mən məsuliyyətimə düşənləri etməyə çalışdım. Sənətə, peşəyə doğru-düzgün yanaşmanı aşılaya bildim, düşünürəm. Ən azından cəhd etdim. Kim nə qədər götürə bilibsə, onu özləri deyər.

(Müəllimin dizinin dibində oturub diqqətlə dinləyirlər. Bu sözə biganə qalmırlar. Yenə özgüvən, təriflənmək istəyi ilə söhbətə reaksiya verirlər. “Mən götürmüşəm, mən öyrənmişəm”. Nofəl müəllim təmkinli, səbirli gülüşü ilə “imkan verin, hələ danışacaqlarım var”- deyir).

- Müəllimin uğuru tələbəsinə qazandırdıqları ilə ölçülür. Gəlin, dörd ilin qısa xülasəsinə göz gəzdirək.

- İndi mən deyim, siz həm kəmiyyətə, həm də özünüzün şahid olduğunuz (Təhsil TV komandasının tamaşa çəkilişlərini nəzərdə tutur-red.) yaradıcılıq yolumuza yenidən nəzər salın. İkinci kursun ilk semestrində “Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını tam formada hazırladıq. Hətta bölgələrimizə yollandıq, böyük auditoriyalar qarşısında çıxışlar etdik. Əlbəttə bu, tələbələr üçün əhəmiyyətli təcrübə, ən əsası, aktyor öhdəliklərini anlamaq baxımından stimul oldu. Ardınca eyni uğurumuzu “Romeo və Culyetta”, “Sadə əhvalat” tamaşaları ilə təkrarladıq. Hazırda gördüyünüz kimi “Ezop” tamaşasının son tamamlama mərhələsindəyik. Gözləntilərim böyükdür. Tam səmimi deyim. Bir müəllim kimi işimizin uğurlu və ya uğursuz alınmağından  çox, tələbələrimin professionallığa nə dərəcədə yaxınlaşmasını izləmək maraqlıdır.

- Mənə elə gəlir, bir rejissorun ən çətin məqamlarından biri rol bölgüsüdür. Bu mərhələdə istedad və sima üst-üstə düşməlidir. Bir də rejissorun ədaləti. Bilirəm, deyəcəksiniz rolun böyüyü, kiçiyi yoxdur.

- Hə, eynən. Bu sözü deyəcəkdim. Əgər mən bir aktyora böyük rol verirəmsə, demək bundan əvvəl kiçik rolun öhdəsindən çox məharətlə gəlib. İstedad məsələsinə az toxunuram. Hər kəs öz qabiliyyətinə bələddir. Hər halda tamaşadan sonra əmin olurlar ki, elə verdiyim obrazlar daha çox yaraşıb onlara.

- Tələbələriniz də sizə bənzəyir.

- Necə?

- Söylədiklərinizi az əvvəl bizə pıçıldamışdılar. Sözə incik başlayıb, amma sizin onlar barəsində heç vaxt yanılmadığınızı xüsusi məmnunluqla vurğuladılar.

- Bilirsiniz, bizim işimizdə bəzən ədalətsizlik istəmədən də olur. Amma müəllimlik peşəmdə buna ədalətsizlik yox, ehtiyatlılıq deyərdim. Nəticədə mənə etimad olunub, bu vəzifəni həvalə ediblər. Uşaqların heç biri nə yaxınım, nə tanışım deyil. Mən də can yandırıb hər kəsin bacarığına uyğun təyinat verməliyəm ki, sonda həmin tələbə özü çətin vəziyyətdə qalmasın. Çünki aktyorun çətin tərəfi həm də tamaşaçıdır. Ona görə indidən tələbələrimi ilk növbədə tamaşaçı rəyinin vacibliyini dərk etməyə hazırlayıram.

- Deyirsiniz mənə etimad göstərildi, SABAH qrupuna kurs rəhbərliyi sizə həvalə olundu. Aktyor sənəti ixtisası üzrə digər qruplarda dərs aparsaydınız, tələbələr üçün nə fərqi olacaqdı ki? Nəticədə mentor yenə eyni adamdırsa...

- Xeyr, fərq böyükdür. Elə işimizin miqyası da. Çünki SABAH qrupu üçün tərtib olunan proqram, yaradıcılıq imkanları digər qruplarda yoxdur. İlk kurslarda tamaşa hazırlamaq, böyük səhnələrdə təqdim etmək şansı məhz bizə yaradılır.

- Bəs proqramın intensivliyi, məsuliyyəti, məşqlər tələbələri yormur?

- Səhv etmirəmsə, yeni qəbul olunanlar üçün proqramda müəyyən dəyişikliklər var. Hər halda dörd ildə gəldiyim qənaətə əsaslanıb deyirəm ki, tələbələr məhz bu tədris prosesinin tətbiqindən düzgün faydalana bildilər. Tez irəlilədilər. Əlbəttə, gələcəkdə böyük və peşəkar səhnələrdə ən azından öyrənməkdən daha çox, sırf rolun öhdəsindən gəlmək üçün əziyyət çəkəcəklər. Yəni, biz bu əziyyəti indidən yüngülləşdirə bilmişik.

- Böyük səhnələr demişkən. Bilmirəm onların yanında bu sualı vermək nə dərəcədə doğrudur, amma yetirmələrinizlə bağlı proqnozlar maraqlıdır.

- Aha, deyəsən, bizi küsdürüb gedəcəksiniz (gülür). Düzü, indi məni narahat edən məsələlərdən biri daha çox qızlarımızla bağlıdır. Əfsus, Azərbaycan teatr və kino məkanında böyük aktrisa problemi var. Mentalitet dəyərləri hələ də aktrisalara münasibətdə daha qabarıq formada üzə çıxır. Ona görə qızlar barəsində tərəddüdlərim var. Kaş onların bacarığını duya bilən insanlar çıxsın qarşılarına. Bu mövzuda niyə rahat danışıram. Yoldaşım da aktrisadır. Təbii, bütün kişilərdən eyni münasibəti gözləmirəm. Bu, artıq qızların seçimidir.

Baxın, bizim Xədicəylə ilk kurslarda ciddi anlaşılmazlıqlarımız olub. Hə, Xədicə?

(Xədicə utancaq mimikası ilə təsdiqləyir).

Amma həmişə dəstəklədim onu. Aktyorluq potensialını tam üzə çıxara bildiyimə sevinirəm. İndi özü də inkişafından razıdır.

Sevginə böyük ümidim var. Düşünürəm, Azərbaycan teatr səhnəsində sözünü deyə bilən, bəlli yeri olacaq.

Ümid bəslədiyim bir qızımız artıq ana olub. Karyerasına davam etsə, sevinərəm.

Könül, sənə də çox inanıram ha. Davam et, yoluna.

O ki qaldı oğlanlara. Beş nəfərdir. Hamısına böyük ümidim var.

Ümumiyyətlə, tələbələrimə indiyədək demək olar, “A” kateqoriyası yazmışam. Çox nadir hallarda, məni lap əsəbləşdirib, tapşırığa əməl etməyəndə “B” qiyməti vermişəm.

- Hə,  indi məlum oldu, tələbələrinizə niyə bu qədər bağlısınız. Daima “A” qiymətinə layiq olan tələbələrdən hansı müəllim ayrılmaq istəyər ki.

- İnanırsınız, dediyiniz kimidir. Onlara çox bağlıyam. Onların  vicdanı, dürüstlüyü, ləyaqəti yaşlarından dəfələrlə artıqdır. SABAH-ın ilk məzunlarının üzümüzü bu qədər ağ etməsi elə əməyimizin ən böyük bəhrəsidir. Baxmayaraq, aralarında çoxu xarici kino və teatr sahəsinə can atır. Arzuları, xəyalları böyükdür. Mənim də hazırda ən böyük arzularımdan biri teatr yaradıb həm tələbələrimi, həm istedadlı gəncləri başıma toplamaqdır. Yəni, elə siz dediyiniz kimi “A” kateqoriyasında olan tələbələrimizin uğurlarını niyə öz səhnəmizdə deyil, uzaqlarda izləyək.

Təhsillərinə xaricdə davam etmək istəyəni də var. Bu da normaldır. Biz onlara əsl sənət məktəbi öyrətmişik. Onlar demək olar, hər situasiyanın  aktyorları kimi yetişib artıq. Tərəfdaşlarına aktyor oyununda uduzmazlar. Nə deyim. Kaş arzularına çatsınlar. Amma harda olurlar-olsunlar, onların Azərbaycan mədəniyyətinin bəzəyinə çevriləcəklərinə inanıram. Bu sözümün altından tam əminliklə imzamı qoyuram.

Xüsusi qeyd: Rejissor Nofəl Vəliyevin rəhbərliyi ilə ərsəyə gələn Gilyermo Fiqeyredonun “Ezop” tamaşasının quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, SABAH mərkəzinin rəhbəri isə Böyükxanım Məmmədbəyovadır.

Ezop obrazını Hilal Dəmirov, Kleyanı-Sevgin Rzayeva, Ksanfı-Corc Qafarov, Melitanı - Könül Ələkbərova, Kapitanı -Orxan İsgəndərli, Həbəşi-Məhəmməd Musayev canlandırır. Tamaşanın musiqisi Cahangir Zülfüqarova aiddir.

Tamaşa 12 fevral saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində nümayiş olunacaq.

Giriş sərbəstdir.

 

Gülnarə İLHAM



09.02.2018 | 14:00