MDU-nun Vətən müharibəsində iştirak edən əməkdaşlarının ailələri ziyarət olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) Həmkarlar İttifaqı Komitəsinin bir qrup üzvü Vətən müharibəsində iştirak edən universitet əməkdaşlarından mexanika kafedrasının müdiri Mahir İsmayılov, riyaziyyat kafedrasının müəllimi Rövşən Babayev, mexanika kafedrasının müəllimi Qaragöz Kərimov və texniki işçi Asim Misirzadənin ailələrini ziyarət ediblər.

 

Görüşlərdə müzəffər Ali Baş Komandanın rəhbərliyi, yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində möhtəşəm qələbənin əldə edilməsi və düşmən tapdağında olan torpaqlarımızın azad olunması münasibətilə MDU-nun rektoru Şahin Bayramovun və bütün kollektivin təbrikləri çatdırılıb. Xalqımızın tarixinə qızıl hərflərə həkk olunacaq bu şanlı zəfərin qazanılması və tarixi ədalətin təmin edilməsi uğrunda gedən döyüşlərdə MDU əməkdaşlarının da iştirak etməsinin universitetin professor-müəllim, tələbə heyəti tərəfindən böyük fəxarət hissi ilə qarşılandığı bildirilib.

 

Ziyarət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə dövlət tərəfindən yüksək diqqət və qayğının göstəriləcəyinə dair fikirləri xüsusi vurğulanıb. Hazırda ön cəbhədə xidmətini davam etdirən MDU əməkdaşlarına bir aylıq əməkhaqları məbləğində maddi yardımın ayrılması barədə ailə üzvlərinə  məlumat verilib.

 

Diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür edən müharibə iştirakçılarının ailə üzvləri universitet kollektivinin göstərdiyi həmrəyliyi yüksək qiymətləndirib.

 



20.11.2020 | 11:54