Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Qarabağ müharibəsində tarixi qələbəyə həsr olunan “Azərbaycanın hərbi-diplomatik uğurları və Ermənistanın dövlət terrorizmi siyasəti” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

“Azərbaycanın hərbi-diplomatik uğurlarının əsası” mövzusunda məruzə ilə çıxış edən təhsil ocağının rektoru, akademik Urxan Ələkbərov görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edib, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, müstəqilliyinin bərpasından keçən 29 il ərzində Azərbaycan uğurla inkişaf edib və tarixi baxımdan çox qısa zaman kəsiyində ölkənin bütün sahələrində böyük uğurlar qazanılıb.

 

Akademik bildirib ki, ölkəmizin inklüziv inkişaf edən cəmiyyətin qurulması istiqamətində qazandığı uğurların başlıca faktoru insan potensialının formalaşdırılması və səfərbər edilməsinə elmi yanaşmadır.

 

U.Ələkbərov qazanılan uğurların əsasında Prezident İlham Əliyevin dərin düşünülmüş innovativ inkişaf siyasətinin dayandığını vurğulayıb.

 

O,  Vətən müharibəsində qazanılan şanlı zəfərin də ölkənin uğurlu inkişafının məntiqi nəticəsi olduğuna diqqət çəkib. Natiq 44 günlük müharibəni Azərbaycan dövlətçiliyi tarixinə qızıl hərflərlə yazılacaq xüsusi mərhələ kimi dəyərləndirib.

 

Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov “Azərbaycanın hərbi-diplomatik uğurları və Ermənistanın dövlət terrorizmi siyasəti” movzusundakı çıxışında bildirib ki, 44 günlük  Vətən müharibəsində xalqımız bütünlüklə Müzəffər Ali Baş Komandanın ətrafında səfərbər oldu. Torpaqlarımızın hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də bir sıra mühüm əhəmiyyətli şəhərlər, yaşayış məntəqələri, həmçinin müxtəlif istiqamətlərdəki strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı:” Xüsusilə 2020-ci il noyabrın 8-i tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin hər zaman torpaqlarımızın işgaldan azad edilməsi istiqamətində qətiyyətli və prinsipial movqeyi Azərbaycanın ikinci Qarabağ müharibəsindəki hərbi-diplomatik qələbəsi ilə nəticələndi. Eyni zamanda, Prezident İlham Əliyevin  bir sıra xarici kütləvi informasiya vasitələrinə verdiyi  çoxsaylı müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbligat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə  nəticələndi”.

 

Çıxışlardan sonra akademiyanın  “Vətənpərvərlik klubu”nun hazırladığı videoçarxın  nümayişi olub və konfrans iştirakçıları adından ölkə Prezidentinə müraciət oxunub.



21.11.2020 | 13:21