BDU-da Qarabağdakı arxeoloji abidələr və zəngin faydalı qazıntılar mövzusunda dəyirmi masa

Bakı Dövlət Universitetinin (BDU) tarix və geologiya fakültələrinin birgə təşkilatçılığı ilə "İşğaldan azad olunmuş ərazilərimizin tarixi-mədəni və arxeoloji abidələri, zəngin faydalı qazıntıları” mövzusunda onlayn dəyirmi masa keçirilib.

 

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev 44 gün davam edən Vətən Müharibəsində şanlı Ordumuzun qazandığı Qələbə münasibətilə iştirakçıları təbrik edib. Azərbaycanın müstəqilliyinin bərpa olunmasında Ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edib, onun siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Vətən müharibəsində qazanılan  parlaq qələbənin ölkənin uğurlu inkişafının nəticəsi olduğunu vurğulayaraq Azərbaycanın bu möhtəşəm zəfəri Ali Baş Komandanın müdrik qərarları, rəşadətli Ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində əldə etdiyinə  diqqət çəkib.

 

Ə.Ağamirzəyev informasiya müharibəsində, haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında, sağlam, bilikli və vətənpərvər gənclərin yetişdirilməsində daim öz töhfəsini verən BDU-da məcburi köçkünlərin pozulmuş hüquqları, Vətən müharibəsində medianın fəaliyyəti, eyni zamanda işğaldan azad edilən ərazilərimizin ekoloji problemlərinin öyrənilməsi, faydalı qazıntı yataqlarının, qiymətli metal mədənlərinin talanması və s. aktual mövzularda akademik layihələrin işlənilib hazırlanması haqqında məlumat verib.

 

Daha sonra akademik Vasif Babazadə Ali Baş Komandanın rəhbərliyi və Milli Ordunun rəşadəti sayəsində əldə olunan qələbə, əzəli torpaqlarımızın işğaldan azad olunması münasibətilə iştirakçıları təbrik edib. O, işğaldan azad olunan ərazilərin iqtisadi inkişaf imkanları, Qarabağın mineral resurs ehtiyatları, təbii sərvətləri, qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntılar, Vejnəli qızıl yatağı, Narzanlı civə yatağı, Levçay civə yatağı, Turşsu mineral bulağı kimi ehtiyatlardan danışıb. Akademik onu da vurğulayıb ki, Qarabağın işğaldan azad olunması, ümumilikdə ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək.

 

Dəyirmi masa professor İbrahim Zeynalovun "Qarabağın tarixi-mədəni abidələri", professor Nazim İmamverdiyevin "Laçın və Kəlbəcər rayonunun geologiyası", professor Qüdrət İsmayılzadənin "Qarabağın arxeoloji abidələri" mövzularında məruzələri ilə davam edib.

 

Çıxışlarda Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərində məhv edilən maddi-mədəniyyət abidələri, qədim tarixə malik çoxsaylı memarlıq və incəsənət abidələri- Ağdam şəhərində Üzərlik təpə, Şuşa qalası, Xaçındərbənd kəndindəki Qutlu Sarı Musaoğlu günbəzi (1314-cü il), Kəngərlidəki (XIV əsrin yadigarı) türbə və daş abidələr, Papravənddəki XVII əsrdən qalan Xanoğlu türbəsi, XVIII əsrə aid məscid və digər türbələr, Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş XIX yüzilliyin türbəsi, Şahbulaq qalası kimi abidələr, Laçın və Kəlbəcər iqtisadi rayonunun ərazisində qızıl, civə, xromit, mərmər, üzlük tikinti daşları koral, perlit və s. kimi faydalı qazıntı ehtiyatları, İstisu, Minkənd, Tutqunçay mineral bulaqları haqqında ətraflı məlumat verilib.

 

Qeyd edək ki, Microsoft Teams platforması üzərindən təşkil olunan dəyirmi masaya 270-dən çox iştirakçı qatılıb.

 

 



24.11.2020 | 15:28