ABŞ-ın təhsil müəssisəsi ilə ADAU arasında strateji tərəfdaşlıq sazişi

Oklahoma Dövlət Universiteti (ODU) ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında təhsil sahəsində strateji tərəfdaşlıq sazişi imzalanıb.

 

Universitetdən bildirilib ki, saziş ABŞ-ın nüfuzlu təhsil müəssisələrindən biri olan ODU ilə ADAU arasında təhsil və tədqiqat sahələrində əməkdaşlığı genişləndirməklə bağlı müddəaları özündə əks etdirir. İmzalanan sənəd Azərbaycanla Oklahoma ştatı arasında illərdir inkişaf edən səmərəli əməkdaşlığın tərkib hissəsidir.   

 

Hər iki ali təhsil müəssisəsi imzalanan sazişlə öz üzərinə bərabər və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq öhdəliyi götürüb. Bu cür fəaliyyətlər universitetlər arasında mütəxəssis və tədqiqatçı alimlərin mübadiləsini, təlim, tədqiqat, araşdırma sahəsində əməkdaşlığı genişləndirməyi nəzərdə tutur. ADAU və ODU qarşılıqlı fəaliyyətin həyata keçirilməsində bir-birlərini strateji tərəfdaş olaraq tanıyır.

 

Sazişə əsasən, ADAU-nun məzunları, professor-müəllim heyəti qəbul tələblərinə cavab verdikləri təqdirdə ODU-da təhsil alacaqlar. Bu zaman onlar strateji tərəfdaş olan təhsil müəssisəsinin hüquq və imtiyazlarına sahib olacaq və rezident tələbələrə verilən imtiyazlara sahiblik hüququ qazanacaqlar.

 

Gələcəkdə hər iki universitet tərəfindən müəyyən olunacaq ixtisaslar üzrə ikili diplomların verilməsi məsələsi gündəmdədir və hazırda bu istiqamətdə danışıqlar davam edir.

 

 



25.11.2020 | 12:32