MEK-ə akademik Fuad Əliyevin kitab kolleksiyası daxil olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) AMEA Gəncə bölməsinin sədri, akademik Fuad Əliyevin kitab kolleksiyası daxil olub. 

 

Kolleksiyaya F.Əliyevin həmmüəllifliyi ilə çap olunan “Azərbaycanın Qərb bölgəsinin faydalı boyaq bitkiləri”, “Azərbaycanın təbii sərvətlərinin bioloji fəal maddələri”, “Bitki mənşəli təbii boyaqlar”, “Bitkilər müalicə mənbəyidir”, “Gəncəbasarın yabani tərəvəz bitkiləri”, “Kimya, ekologiya və sağlamlıq”,  “Тəbii mühit və insan” kitabları ilə yanaşı, akademikin layihə rəhbərliyi və redaktorluğu ilə dərc edilən “Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Gəncə şəhəri”, “Heydər Əliyev Fondu və Gəncə”, “Gəncə İmamzadə türbəsi” kitabları, Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilən monoqrafiyalar, “Məhsəti Gəncəvi dövründə sənətkarlıq” kitabı, AMEA Gəncə bölməsinin, Nizami Gəncəvi Mərkəzinin, Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə çap olunan nəşrlər, eləcə də ayrı-ayrı müəlliflərin kitabları daxildir.

 

F.Əliyevin kitab kolleksiyası AMEA-nın  Rəyasət Heyətində, elmi-sahəvi institutlarında çalışan və ya çalışmış, eyni zamanda, elmi dünya miqyasında tanıdan, Azərbaycanın digər elmi qurumlarında müxtəlif elm sahələrini təmsil edən akademiklərin MEK-ə  hədiyyə etdiyi sənədlər, nəşrlərdən ibarət kolleksiyaların qorunduğu Akademiklər fondunda saxlanılacaq. Hazırda kitabxanada bu qəbildən Yevgeni Bertels, Boris Zaxoder, Yevgeni Paxomov, Mikayıl Useynov, Mirzə İbrahimov, Mahmud Kərimov və Akif Əlizadənin şəxsi kitab kolleksiyaları saxlanılır.

 

Xatırladaq ki, regionların inkişaf perspektivlərini təmin edən inteqrasiyalı elmi informasiya sistemlərinin, elmi-sahəvi biblioqrafik bazaların yaradılması təşəbbüsü ilə çıxış edən MEK tərəfindən AMEA-nın bölmə və elmi mərkəzlərinə müraciət ünvanlanıb, innovativ informasiya xidməti servisi paketi təklif edilib.

 

 



26.11.2020 | 16:11