“Cəmiyyətə inteqrasiya və sosial adaptasiya: nəzəri və praktik aspektlər”

Sumqayıt Dövlət Universitetində (SDU)  “Cəmiyyətə inteqrasiya və sosial adaptasiya: nəzəri və praktik aspektlər” mövzusunda  respublika elmi konfransı öz işinə başlayıb.

 

Universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov bildirib ki, konfrans respublika üçün çox əlamətdar hadisələrin baş verdiyi bir dövrə təsadüf edir:”Azərbaycan xalqı ən  şərəfli dövrünü yaşayır. Bu günlərdə tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusunun qələbə çalması hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük sevinclə qarşılandı. Biz bu müharibəni həm də Vətən savaşı adlandırırıq. Çünki bu, torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmini uğrunda xalqımızın milli mübarizəsi, haqq davası idi. Azərbaycan vətəndaşları kimliyindən, sosial statusundan, əqidəsindən asılı olmayaraq, bu mübarizədə bir yumruq kimi birləşdilər; Ali Baş Komandanın yanında bir əsgər kimi dayandılar; bütün dünyaya milli həmrəyliyin ən mükəmməl nümunəsini nümayiş etdirdilər. 44 gün sürən İkinci Qarabağ müharibəsinin yekunu olaraq qalib Azərbaycan Ermənistanı məğlubiyyət aktına imza atmağa məcbur etdi. Xalqımız bu müharibədən şərəflə və ləyaqətlə çıxdı”.

 

Prorektor daha sonra konfransın əhəmiyyətindən bəhs edib, Azərbaycanda sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının etibarlı müdafiəsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, dolğun həyat şəraitinin təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlərin əhatə dairəsinin ilbəil genişləndiyini bildirib.

 

O, SDU-da inklüziv təhsil mühitinin yaradıldığını, əlilliyi olan tələbələr üçün mərkəz təşkil olunduğunu və universitetin bir neçə beynəlxalq layihələrdə tərəfdaş qismində öz işini uğurla davam etdirdiyini diqqətə çatdırıb. Prorektorun sözlərinə görə, universitetin inklüziv təhsil sahəsində müvafiq təcrübəsi, potensialı və mütəxəssisləri var.

 

Konfransın plenar iclasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ümumi psixologiya kafedrasının müdiri, psixologiya üzrə elmlər doktoru, professor Ramiz Əliyev “Dağlıq Qarabağ müharibəsi və onun sosial psixoloji təhlili”, ADPU-nun ibtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov “Şagirdlərdə öyrənmə fəaliyyətinin stimullaşdırılması”, SDU-nun pedaqogika və psixologiya kafedrasının müdiri,  dosent Aytəkin Məmmədova “Azərbaycanda ibtidai təhsil sahəsində elmi-pedaqoji tədqiqatların əsas istiqamətləri”,  pedaqogika və psixologiya kafedrasının dosenti Ceyhun Məmmədov  “Müəllim-tələbə münasibətlərinin formalaşmasında temperamentin rolu”,  elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov isə “Fonetik mövqe şagirdlərin tərbiyəçisi rolunda” mövzularında  məruzələrlə çıxış ediblər.

 

Konfrans öz işini 4 bölmə üzrə iki gün davam etdirəcək. 

 



26.11.2020 | 17:00