Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik

Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim “Qurani-Kərim”i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq.

 

Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq.

 

Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik.

 

Biz Qələbəmizi dəmir yumruq hesabına, düşməni qova-qova qazanmışıq və indi durmuşuq öz torpağımızda.

 

Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycan əsgərinə, Azərbaycan zabitinə! Ağdam bizimdir! Qarabağ Azərbaycandır!

 



27.11.2020 | 09:02