Biz o yerləri yenidən cənnətməkan diyara çevirəcəyik

Noyabrın 20-də Silahli Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyev, həmişəki kimi, yenə də Azərbaycan xalqına müjdə verdi.  Prezident Ağdam rayonunun işğaldan azad olunduğunu elan etdi. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində qurduğu Müzəffər Azərbaycan Ordusu böyük bir tarixi qələbə qazandı. Belə bir tarixi gündə artıq məcburi köçkün olmayan Ağdam təhsil işçilərinin keçirdikləri sevinc və  fərəh hisslərini  qələmə  aldıq.

 

“Biz müəllimlər daha qürurlu, əzmli vətəndaş yetişdirəcəyik”

 

Ağdam Rayon Təhsil Şöbəsinin müdiri  Mətanət Misirxanova  Ağdamla bağlı xatirələrini danışaraq müqəddəs torpaqlarımızın yağı düşmən işğalından azad olunması xəbərini eşidən böyükdən-kiçiyə hər kəsin gözündə sevinc və həmrəylik ifadəsinin böyük qələbənin təcəssümü olduğunu qeyd edib. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində  xalqımızın böyük qələbəsini tariximizin zəfər salnaməsi, parlaq səhifəsi kimi dəyərləndirib: “Mən Ağdam rayonunun Kəngərli kəndində dünyaya göz açmışam. Qayğısız uşaqlığım Ağdamda keçib, lakin mən gəncliyimi xatırlamıram, sanki onu itirmişəm. Çünki 19 yaşımda məcburi köçkün olmuş və ömrümün 28 ilini sanki bir tərəfim olmadan yaşamışam. Düzdür, bu illər ərzində oxumuşam da, işləmişəm də, ailə qurmuşam da.  27 ildir doğma kəndimdən ayrı düşmüşəm. Bu illərdə çətinliklərimiz çox olub. Ən böyük çətinlik isə yurd həsrəti ilə yaşamaq olub.

 

Nəhayət ki,  20 noyabr 2020-ci il tarixdə mənim və mənim kimi minlərlə insanın arzuları çin oldu. Şükürlər olsun Allaha! Prezidentimizin qətiyyəti, Ordumuzun gücü sayəsində  Ağdam rayonu işğaldan azad olundu. İllərdir həsrətini çəkdiyimiz Vətənimizə qovuşuruq. Ağdamın azad olunması xəbərini eşidəndə uşaq kimi ağladım. Prezidentimizə minnətdarlığımı bildirirəm. Bu gündən sonra biz də özümüzü tam- bütöv hesab edəcəyik. Bunun üçün biz Sizə borcluyuq - Ali Baş Komandan!!! Sizin rəhbərliyiniz altında tarix yazan Azərbaycan Ordusuna borcluyuq!!! Müqəddəs qanlarını vətən torpaqlarına qarışdıran Şəhidlərimizə borcluyuq!!!

 

Çox az vaxtda Ali Baş Komandanın rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərimiz  əvvəlkindən də gözəl  olacaq. Birlikdə qurub, tikib, yaradacağıq. Biz müəllimlər daha qürurlu, əzmli vətəndaş yetişdirəcəyik.

 

“Kəndimizdə pedaqoji fəaliyyətimi davam etdirəcəyəm”

 

Ağdam rayonu Quzanlı qəsəbə tam orta məktəbinin müəllimi, Əməkdar müəllim Eliza  İsayeva xalqımızın dövlət başçısı ətrafında birləşərək Ordumuza dəstək, birlik nümayiş etdirməsindən qürur, fəxarət hissi duyduğunu bildirib: “27 il müharibə şəraitində yaşayıb işləmişik. Ancaq bu, bizi ruhdan salmayıb, əksinə, biz müəllimlər öz şagirdlərimizi vətənpərvərlik ruhunda tərbiyə etməklə gələcəyin Əsgərlərini  yetişdirmişik. Mən də dərs dediyim şagirdlərdə bu hissi dərindən aşılamağa çalışmışam. 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başlayanda mənim də vaxtilə dərs dediyim şagirdlərdən çoxu  könüllü olaraq mənfur düşmənə qarşı qəhrəmanlıqla döyüşdü. 10 noyabr 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə Qələbə Günü kimi yazıldı.

 

Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz torpaqlarımızı işğaldan azad etdi.  Mənim doğma Qərvənd kəndim də bu gün azaddır. Mən gələcək günlərdə  doğulub boya-başa çatdığım kəndimizdə pedaqoji fəaliyyətimi davam etdirmək arzusundayam. Bu gün çox sevinirəm ki, sabahkı şagirdlərimə Azərbaycan kimi qüdrətli bir ölkənin tarixə qızıl hərflərlə yazılan zəfərindən danışacaq, onlarda Vətənə məhəbbət ruhunu daha da dərindən aşılamağa çalışacağam”.

 

O müqəddəs yurda qovuşmaq yenidən dünyaya gəlməyə bərabərdir

 

Ağdam rayon 35 nömrəli  tam orta məktəbin direktoru  İradə İbrahimova Qarabağ savaşında qazanılan şanlı qələbəmizin tarixə qızıl hərflərlə həkk olunacağını və xalqımızın yaddaşında silinməz iz buraxacağını ifadə edib: “Mən Ağdam şəhərində 6 saylı orta məktəbi bitirmişəm. Ağdamın erməni işğalından azad olunması xəbərini  Ali Baş Komandanın dilindən eşitdiyim anda sevincimin hədd-hüdudu yox idi.

 

İndi bütün ağdamlılar kimi, mən də yalnız və yalnız Ağdamın yenidən qurulması, tikilməsi, dirçəldilməsi haqqında düşünür və bir təhsil işçisi kimi  planlar  cızıram.  Ağdamda tikiləcək yeni məktəblərdə bünövrəli,  əsaslı və modern, milli dəyərlərlə tənzimlənən təhsil sisteminə söykənən dərslər tədris  etməli, elmimizə böyük töhfələr verəcək  layihələr hazırlamalıyıq. O müqəddəs yurda  qovuşmaq yenidən dünyaya gəlməyə bərabərdir. Biz o yerləri yenidən cənnətməkan diyara çevirmək üçün əlimizdən nə gəlirsə, edəcəyik!”.

 

Sənə qayıdırıq Vətən!

 

Ağdam rayon 35 nömrəli tam orta məktəbin müəllimi Aybəniz Zeynalova Ağdamın gözəl təbiətindən, saf suyundan, təmiz havasından  danışdı: “1993-cü ilin 23 iyul günü... Güllü-çiçəkli, bağlı-bağatlı, Ağdamımızı gözü yaşlı, ürəyi dağlı tərk etdik.  Mənfur düşmənin yandırdığı evlərimizi ürəyimiz parçalana-parçalana tərk etdik. Gəncliyimizi, uşaqlığımızı qoyduq o yerlərdə. İllərlə göz yaşlarımızı içimizə axıtdıq, amma qəlbimizdəki Vətən sevgisi bir qram da azalmadı, əksinə gündən-günə artdı. İnanırdım ki, azad Qarabağımıza, azad Ağdamımıza qovuşmağa lap az qalıb. İnanırdım ki, Ali Baş Komandanımız  xalqımıza verdiyi sözü  tezliklə yerinə yetirəcək. Bu gün doğma Qarabağımız, onun ürəyi Ağdamımız azaddır! Bu azadlığı tariximizin səhifələrinə al qanları ilə yazan Vətən oğullarının- Şəhidlərimizin ruhları qarşısında baş əyirəm!  Azərbaycan əsgərinə alqış deyirəm!

 

Mən inanıram ki, Ağdamın  əvvəlki gözəlliyi, qaynar həyatı yenə özünə qayıdacaq. “Sona bülbüllər”  Ağdam səmalarında süzəcək. Aç qollarını, sənə qurban, gözəl Ağdamım!  Sənə  gəlirəm...”.

 

Gələcəyə hədəflənmiş arzular və vəzifələr

 

Ağdam  rayonu 68 nömrəli  tam orta məktəbin direktoru,  kimya elmləri üzrə fəlsəfə doktoru Hüseynalı Hüseynov Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə 27 sentyabr 2020-ci ildən düşmən təcavüzünün qarşısını almaq üçün başlanan Vətən müharibəsindən danışaraq bildirdi ki, qələbə əsrin dörddə birini keçən yurd-vətən həsrətimizə son qoymuşdur: “Qarabağın tacı olan Şuşanın, ürəyi olan Ağdamın, eləcə də digər bölgələrimizin azad edilməsinin sevincini, həyacanını yaşamaqdayıq. Bu tarixi qələbəmizin qazanılması yolunda canlarını fəda etmiş hər bir  şəhidimizə Allahdan rəhmət diləyir, Ali Baş Komandana minnətdarlıq edir və Milli Ordumuzun hər bir əsgərinə isə rəhbərlik etdiyim pedaqoji kollektivin adından təşəkkürümü çatdırıram.

 

Qarşımızda gələcəyə hədəflənmiş arzular və vəzifələr durur. Doğma kəndimizə dönmək, məktəbimizin yenidən tikilməsinə,  rayonumuzun əvvəlki şöhrətinin adına layiq şəkildə bərpasına nail olmaq. 1993-cü ildən sonra dünyasını dayişmiş 20 nəfər adlı-sanlı müəllimlərimizin arzularını gerçəkləşdirmək....

 

Bu yolda təlim və tərbiyə işinin taleyinə cavabdeh olan hər bir müəllim həmkarıma uğurlar diləyirəm”.

 

Rəşad ZİYADOV



27.11.2020 | 13:25