Dərsi uşaqlara özünəməxsus qaydada tədris edən müəllim

Azərbaycan müəllimlərinin tam böyük əksəriyyəti layiqli müəllimdir. Əgər belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi? Biz bunların hamısını məktəblərdən, universitetlərdən, müəllimlərdən, sizdən almışıq. Mən müəllimlərimi həmişə böyük hörmət və ehtiramla xatırlamışam. Arzu edərdim ki, müəllim obrazı elə yaransın ki, bax, mənim hafizəmdə orta məktəbdən indiyədək yaşayan duyğular hər bir gəncin hafizəsində qalsın.

 

Xatirimdədir, biz müəllimi görəndə həmişə özümüzü yığışdırırdıq. Müəllimdən həm qorxurduq, həm də ona hörmət edirdik. Biz müəllimin hər sözünü qanun kimi qəbul edirdik. Şəxsən mənim həyatımda müəllim ən ali sima olub. Mən tək deyiləm, hesab edirəm, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti belə düşünür.

 

Müəllimlərin fərdin şəxsiyyət, vətəndaş kimi formalaşmasında rolu böyükdür. Belə müəllimlərdən biri də Sona Həmzəyevadır...

 

Sona Həmzəyeva öz ixtisasını dərindən bilən və bunu şagirdlərinə də dərindən izah edən müəllimdir. O, özünəməxsus tədris təlimini şagirdə özgüvənc və təhsilə, elmə, el-obaya, milli dəyərlərə sevgi aşılamaq üzərində qurub. Eyni zamanda, şagirdlərə - “özünü dərk etmədən başqasın anlamağın çətin olar, həyatın mürəkkəbləşər” deməklə başqa dil, mədəniyyət, millət, inancı da sevdirməyi təşviq edir. Sona xanımın “Ölkəmiz, onun təbiəti, tarixi haqqında bilgiləriniz çox olarsa, Vətənə məhəbbətiniz, sevginiz  yetərincədirsə, bu, şəxsiyyətinizin, xarakterinizin formalaşmasında mühüm rol oynayacaq” fikirləri də ibrətamizdir.

 

Sona Həmzəyevanın haqqında yazıya elə onun həyat yoluna işıq salmaqla başlamağı daha ədalətli və düzgün bildik. 1978-ci il mayın 4-də Sumqayıt şəhərində anadan olub. 1995-ci ildə Sumqayıt şəhəri 26 nömrəli orta məktəbi bitirib və həmin ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub. 1999-cu ildə 14 nömrəli  məktəbdə və 3 il 1 nömrəli uşaq evində ərəb dili dərsi keçib. Sonra 2002-2003-cü illərdə ixtisasını dəyişmək üçün Azərbaycan  Müəllimlər İnstitutunun İbtidai metodika fakültəsində təhsil alıb. 2004-cü ildə Qafqaz Universitetinin İbtidai siniflərdə informatika fənninin tədrisi fakültəsində oxuyub və 2005-ci ildə müvəffəqiyyətlə bitirib. 2012-ci ildən Sumqayıt şəhər Şah İsmayıl Xətai adına 30 nömrəli orta məktəbdə ibtidai sinif nüəllimi kimi fəaliyyətə başlayıb.

 

2016-2017-ci tədris ilində təlimdə qazandığı müvəffəqiyyətlərə və ibtidai sinifdə bütün fənləri sevdirdiyinə görə 30 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən Sona Həmzəyeva fəxri fərmanla təltif edilib. 2015-ci ildə Sumqayıt şəhər Təhsil Şöbəsi və  Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatı Sumqayıt Şəhər Komitəsinin “Riyaziyyat” fənnindən  keçirdikləri fənn aylığında “Müəllimin ən yaxşı açıq dərsi”  nominasiyasının qalibi olduğu üçün fəxri fərmanla təltif olunub. 30 may 2015-ci ildə Sumqayıt şəhəri üzrə keçirilən fənn aylığı çərçivəsində “Ən yaxşı açıq dərs”  nominasıyasının qalibi olduğuna, 2018-ci ildə isə  təlimdə qazandığı müvəffəqiyyətlərə və ictimai işlərdə fəal iştirak etdiyinə görə məktəb direktoru tərəfindən onu fəxri fərmana layiq görüb.  2018-ci ildə Sumqayıt şəhər 1 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi  tərəfindən “İstedad sorağında” teatr müsabiqəsində “Ən yaxşı tamaşa dekorasiya”  nominasiyası üzrə qalib gələrək Diplomla mükafatlandırılıb.

 

Sona Həmzəyeva rayonda həyata keçirilən layihələrə inanaraq dəstək, xeyir-dua verib. Deyir ki, insanların dostluğunun, könül birliyinin mükəmməl olmasında əsil-nəsil, şəxsiyyətlər nə qədər rol oynayıbsa, tutduqları yolun dürüstlüyü də mühüm rol oynamışdır. O, yurdumuzun tarixini, ölkəmizin təbiətini, adət-ənənələrini, doğma Azərbaycanı sevir, mənəvi körpü rolunu həmişə fəxrlə, qürurla qeyd edir. Dərslərində fidanlara vətənpərvərlik hisslərini aşılayır, onlara gələcəkdə torpağı, Vətəni necə sevməyi  öyrədir. 

 

Sona müəllimin özəl metodikası var. O, dərsi özünəməxsus qaydada uşaqlara tədris edir. Onun üçün hansısa bir standart, bir qayda yoxdur. O, çox maraqsız olan mövzunu elə formada təqdim edir ki, bir dərs həmin mövzunun qavranılması üçün yetərli olur.

 

Bəli, Sumqayıtdakı 30 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Sona Həmzəyeva müəllim ömrünü həyat dənizində üzən yelkənsiz insan qayıqlarına səadət və xoşbəxtlik yolunu göstərən mayaka bənzədir. “O mayak müəllim neçə- neçə ömür yoluna işıq saçıb, övladlarımızın bilik qazanmaları, tərbiyəli, sağlam və gümrah böyümələri üçün öz işığını - gərgin, gözlə görünməyən əməyini əsirgəməyib və bundan sonra da əsirgəməyəcək. Bəlkə elə buna görədir ki, müəllimlik peşəsi bütün dövrlərdə müqəddəs peşə hesab edilib. Tarixin inkişafına müsbət təsir göstərən dahilər də, nəhəng elmi kəşflər edən alimlər də, öz xalqını, ədəbiyyat və mədəniyyətini dünyada tanıdan sənətkarlar da, vətəni yolunda canlarından keçən qəhrəmanlar da, ilk növbədə, öz müəllimlərini minnətdarlıqla xatırlayıblar.

 

Bu sətirlər həyatı zəhməti ilə naxışlanan bir müəllim-pedaqoqun, mənəvi sərvəti fikir dünyası olan bir insanın qələmindən süzülüb gəlib. Şagirdlər də müəllim həmkarları da qayğıkeş və səmimi Sona müəllimin nüfuzlu sözünə inanırlar. Onun erudisiyasını, demokratik üslubunu və bənzərsiz mənəvi keyfiyyətlərini yüksək qiymətləndirirlər.

 



27.11.2020 | 15:50