Qələbəyə aparan yol

Böyük Vətən müharibəmiz müzəffər Azərbaycan ordusunun qələbəsi ilə bitdi. Bu qələbə xalqımızın qəhrəmanlıq tarixində böyük səlnamələr, dastanlar yazmış oldu. Fərdi qəhrəmanlıq nümunələrini isə saymaqla bitirmək mümkün deyil. Belə qəhrəmanlıq nümunələri göstərmiş igidlərdən biri də mənim şagirdim, yaddaşımda özünəməxsus vətənpərvərlik izi və kişi qeyrəti ilə qalmış Xanoğlandır... Bu yaxınlarda sosial şəbəkələrdə cəsur Azərbaycan əsgərinin qəhrəmanlıq nümunəsinə aid bir paylaşıma rast gəldim. Sevə-sevə diqqətlə oxumağa başladım. Əsgər döyüşlərin qızğın yerində yaralansa da şəhid olmuş əsgər yoldaşının meyidini düşmən əlinə düşməsin deyə özü ilə çəkib gətirir. Qolundan, ayağından yaralansa da özünü və şəhid əsgər yoldaşını döyüş meydanından çıxara bilir. Qanaxmadan huşunu itirsə də Azərbaycan həkimlərinin səyi nəticəsində həyata qaytarılır. Sonda bu əsgərin ad və soyadı yazılmışdı. Mikayılov Xanoğlan Əhməd oğlu...

 

Bir anlıq xəyal məni 15 il əvvələ apardı. Xanoğlanın 4-cü sinifdə oxuduğu illərə...

 

...2005-ci ildə ilk dəfə müstəqil olaraq birinci sinif şagirdlərini qəbul etdim. Hər bir müəllim sinifdə 2-3 şagirdin digər şagirdlərdən daha diqqətçəkən məqamlarının olduğu üçün ilk andaca onlara bağlanır. Həmin sinifdə də mənim diqqətimi ilk andan çəkən, doğal müsbət keyfiyyətləri ilə özünü sevdirməyi bacaran Xanoğlan adlı sarışın, göygöz oğlan oldu.

 

İstər sinif, istərsə də sinifdənxaric məşğələlər zamanı Xanoğlan çox aktiv idi. Necə deyərlər, hadisələri qabaqlayırdı. Tədris edilən hər hansı dərs zamanı nə istədiyimi ondan ala bilirdim. Sanki ürəyimi oxuyurdu. Sakit duruşu, ağıllı gözləri, güclü yaddaşı, aydın nitqi ilə adamı heyran edirdi. O, dərsə gəlməyəndə bütün dərs boyu gözlərim onu axtarırdı.

 

Həmişə hekayələri səhnələşdirərkən ona epizodik rollar da, baş rollar da verirdim. Hər bir rolu özünəməxsus canlandırmaqla yaddaqalan edirdi. Çox maraqlı uşaq idi. Verdiyi sualların dolğunluğu ilə də yaşıdlarından fərqlənirdi.

 

Yaxşı yadımdadır, Xanoğlan 4-cü sinifdə oxuyurdu. Xocalı faciəsinin anım gününə həsr olunmuş mövzunu tədris edirdim. Əvvəlcə mətni oxudum. İnsanların başına gətirilən müsibətli səhnələri oxuduqca uşaqların sifətində bir dəhşət, eyni zamanda, düşmənə qarşı bir nifrətin də olduğunu aydınca hiss elədim. Düşmən əsgərinin günahsız insanlara qarşı misli görünməmiş qəddarlığı uşaqları hədsiz qəzəbləndirirdi. Sonra bu faciəni əks etdirən bir səhnəcik hazırladım. Səhnəcikdə düşmən əsgərinin rolu da var idi. Rol bölğüsündə üzümü Xanoğlana tutub dedim:

- Xanoğlan, düşmən əsgəri rolunu canlandırmağı sənə tapşırıram.

 

Bu sözü eşidən kimi onun üzündə nifrət, qəzəb qarışıq sərt görkəm yarandı və dedi:

- Müəllim, mən erməni əsgəri olmaq istəmirəm, - deyə çöhrəsində bir həlimlik, eyni zamanda, bir məğrurluq yaradaraq dedi:

- Mən Azərbaycan əsgəri olmaq istəyirəm. Çünki Azərbaycan əsgəri düşmən uşağını heç zaman öldürmür. Mən bunu “Fəryad” filmində görmüşəm. Sonra uşaqların hamısı bu roldan imtina etdilər. Sonda məcbur olub ssenarini dəyişdim.

 

Sonra belə bir sualla müraciət etdim:

 

Bəs siz necə, düşmən uşağını öldürərsiniz?

 

Hamı bir ağızdan yox dedi. Axı o böyüyüb sizi öldürə bilər. Xanoğlan ayağa qalxıb:

- Müəllim, onda biz də böyüyəcəyik. Əsgərliyə gedəcəyik. O da gedəcək. Əgər o da bizim uşaqları öldürsə, bax mən onu əsgərlikdə öldürəcəm, - deyə ötkəm dilləndi.

 

Bir anlıq qarşımda 4-cü sinif şagirdinin deyil, əli silahlı vətənin keşiyini çəkən bir igid əsgərin durduğunu hiss etdim. Fəxarətdən, qürurdan gözlərimdən sevinc yaşları axdı.

 

Həmin gündən bu sual məndə bir ənənə halını aldı. Dərs dediyim bütün siniflərdə bu sualı uşaqlara verirəm. Hər biri düşmən uşağı olsa belə uşaq qatili olmaq istəmədən yox deyir. Amma bu günə kimi bu suala Xanoğlan kimi cavab verən olmayıb.

 

Bunun heç də təsadüf olmadığı gün kimi aydındır. Xanoğlan kimi vətənpərvər oğullarda hardan qaynaqlanır bu vətən sevgisi, ruh yüksəkliyi? Əlbəttə ki, ailədən, məktəb və müəllimlərdən.

 

Qarabağ uğrunda haqq savaşımızda əfsanəyəbənzər qəhrəmanlıqları ilə bütün dünyanı lərzəyə gətirən, dövlətçiliyə xidmət edən oğulların hər biri son 20-30 il ərzində təhsil müəssisələrində məqsədli şəkildə yetişən vətənpərvərlərdir. Torpaqlarımızın hər qarışı uğrunda ölüm-dirim savaşı aparan, bu yolda sağlamlığını itirən, canından keçən qazi və şəhidlərimizi vətənpərvər yetişdirən də məhz məktəblərimiz və müəllimlərimizdir.

 

Bu baxımdan çalışdığım I Şıxlı kənd tam orta məktəbinin bütün müəllim heyəti də vətənpərvərlik hisslərini daim şagirdlərinin ruhuna hopdurmağa çalışır. Bunun bariz nümunəsi olaraq Qarabağ uğrunda haqq savaşımızda mərdliklə vuruşaraq canlarından keçən şəhidlərimizin qəhrəmanlıq və mərdliklərini nümunə kimi göstərmək olar. Onlar bizim məktəbin fəxri məzunlarıdır. Sizlərlə qürur duyuruq! Bizlərə ard-arda qələbə sevincini yaşadan şəhid və qazilərimiz qarşısında baş əyirik!

 

Həmin vətənpərvər oğullarımızın igidlikləri qarşısında düşmənin dizi qatlanıb, beli büküldü və noyabrın 10-da səhərimizi 28 il həsrətlə gözlədiyimiz böyük QƏLƏBƏ xəbəri ilə açdıq. Hər kəs bir ağızdan “Gözün aydın Azərbaycan!”, “Qələbə bizimdir!”, “Qarabağ Azərbaycandır!’’ söylədi.

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti, yenilməz ordumuzun şücaəti və cəsarəti, arxa cəbhədə ordumuza dəstək olan qürurlu xalqımızın “dəmir yumruq” rəmzi olan birliyi sayəsində möhtəşəm zəfər sevincini yaşaya bildik.

 

Şanlı zəfər tariximizin qızıl səhifələrinə öz qanları ilə imza atan igid, qeyrətli oğullarımızın rəşadətindən hər zaman qürurla danışacağıq.

 

Ən sonda üzümü analara tutub deyirəm:

Hər zaman uşaqlarınızı vətənpərvərlik ruhunda böyüdün. Onlar beşikdəykən Vətən ruhlu bayatılarla layla çalın. Bu hissi elə beşikdəcə körpələrin ruhuna hopdurun. Onlara anaya, Vətənə, bayrağımıza aid şeirlər əzbərlətdirin.

 

Əziz nənələr! Siz də nəvələrinizə nağıl danışanda daha nağıl personajların mifik qəhrəmanlıqlarından deyil, Qarabağ uğrunda haqq savaşında döyüşən ordumuzun əfsanəyəbənzər real qəhrəmanlıqlarından danışın. Qorxunc divlərdən, təpəgözlərdən deyil, onlardan da kabus olan erməninin bəd əməllərindən danışın.

 

Vətənini, liderlərini, azadlığını, istiqlalını sevən bir millətin gücünü, iradəsini qıra biləcək dünyada heç bir qüvvə yoxdur.

 

Yaşasın, Azərbaycan xalqı!

Yaşasın, Azərbaycan Ordusu!

Yaşasın, Ali Baş Komandanımız!

 

Kətanə ALIYEVA,

Qazax rayon I Şıxlı kənd tam orta məktəbinin ibtidai sinif müəllimi



27.11.2020 | 16:22