Qafqazşünaslıq İnstitutunun əməkdaşları Gürcüstanda keçirilən beynəlxalq simpoziumda

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqazşünaslıq İnstitutunun əməkdaşları Gürcüstanın Qori Dövlət Pedoqoji Universitetində “Qafqazda sülh axtarışları” mövzusunda keçirilən beynəlxalq elmi simpoziumda iştirak ediblər.

 

Onlayn təşkil olunan simpozium Türkiyənin 19 Mayıs Universiteti, Gürcüstanın Qori Dövlət Pedoqoji Universiteti və Samtsxe-Cavaxeti Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

       

Konfransın Elmi Komitəsinin tərkibinə Azərbaycandan Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, Ukraynadan Kiev Milli Universitetinin professoru Fərhad Turanlı, Türkiyənin 19 Mayıs Universitetinin professoru Nedim İpek, Polşanın Milli Yaddaş İnstitutunun professoru Pavel Libera və Qori Dövlət Pedoqoji Universitetinin professoru Otar Canalidze daxil olub.

       

Professor M.Qasımlı “Cənubi Qafqazdakı münaqişələrə Rusiya, Türkiyə və İranın yanaşması” mövzusunda məruzə edib.

 

Müzakirələrdə çıxış edən professorlar Roin Kavrelişvili, Omar Ardaşelia, Kaxa Kvaşilava, Fərhad Turanlı, İbrahim Tellioğlu və başqaları məruzəni yüksək qiymətləndirib və işğalçı Ermənistan üzərində parlaq qələbə münasibətilə Azərbaycan xalqını təbrik ediblər. Gürcüstan alimləri Azərbaycanın qələbəsini həm də gürcü xalqının qələbəsi kimi dəyərləndiriblər.

       

İnstitutun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin “İran İslam Respublikasının Qafqaz siyasətində Ermənistanın yeri və rolu”, institutun şöbə müdiri Günel Musayevanın “Ermənistanın Azərbaycanın neft-qaz kəmərlərinə hücum cəhdi”,  institutun əməkdaşı Samirə Həbibbəylinin “Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Cənubi Qafqazda sabitlik amili kimi”, Dağıstandan professor Ruslan Seferbekovun “XX əsrin 80-ci illərində  - XXI əsrin əvvəllərində Dağıstan kəndində mədəniyyət və məişətin transformasiyası” mövzularında etdikləri məruzələr maraqlı qarşılanıb.

 

Sonra çoxlu suallar səslənib və geniş müzakirələr keçirilib.

           

Simpoziumda Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Polşa və Rusiyadan 35- dən çox alim və tədqiqatçı iştirak edib.

 

 



30.11.2020 | 11:33