NDU-nun hərbçi tələbəsi ali təhsil ocağında fəxrlə qarşılanıb

Naxçıvan Dövlət Universitetinin (NDU) Hüquqşünaslıq ixtisası üzrə I kurs tələbəsi Yüksəl Əlizadə, həmin ixtisas üzrə qiyabi təhsil alan Orxan Kərimli və Teymur Osmanlı Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Universitetdə təşkil edilən tədbirdə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

 

Ali təhsil ocağının rektoru Elbrus İsayev 44 gün davam edən və şanlı Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Qarabağ zəfəri münasibətilə tədbir iştirakçılarını təbrik edib. Rektor II Qarabağ döyüşlərində universitetdə təhsil alan tələbələrin də iştirakını diqqətə çatdırıb.

 

Şuşa uğrunda gedən döyüşlərdə də fəal iştirak edib Naxçıvana dönən Məşqçilik  ixtisası üzrə I kurs (qiyabi) tələbəsi Fəxri Qazıbəyov  tədbirdə çıxış edib. Qeyd edib ki, oktyabrın 11-dən döyüşlərə qatılıb və xüsusi təyinatlıların dəstəsində Füzuli, Cəbrayıl, Zəngilan Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Qazimiz Azıx mağarasına girən ilk hərbçilər arasında özünün də olmasını qürur hissi ilə ifadə edib.

 

Rektor Vətən müharibəsində fəal iştirakına görə Fəxri Qazıbəyova NDU-nun Elmi Şurasının qərarına əsasən, Fəxri fərman təqdim edib.

 

 



03.12.2020 | 15:28