ADPU-nun Elmi Şurasının iclası keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

 

ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov Vətən müharibəsində əldə edilən şanlı Qələbə münasibətilə hamını təbrik edib, daha sonra isə iclasın gündəliyinə “2020-2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələr haqqında”, “Azərbaycan Dövlət Pedaqoji Universitetində 2021-ci ildә keçirilməsi nəzərdə tutulan beynәlxalq vә respublika səviyyəli elmi konfranslar haqqında”, o cümlədən cari məsələlərin daxil olduğunu bildirib. 

 

İclasda tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov “ADPU-nun “2020-2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələr haqqında” məruzə ilə çıxış edib və onun hesabat məruzəsi Elmi Şura tərəfindən qəbul edilib.

 

“Azərbaycan Dövlət Pedaqoji Universitetində 2021-ci ildә keçirilməsi nəzərdə tutulan beynәlxalq vә respublika səviyyəli elmi konfranslar haqqında”  məruzə ilə çıxış edən elm və innovasiyalar üzrə prorektor, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov isə bildirib ki, 2020-ci ildə universitetdə nəzərdə tutulan konfranslar əsasən təşkil olunsa da, iki beynəlxalq konfransın pandemiya ilə əlaqədar növbəti ilə keçirilməsi qərara alınıb. Müvafiq struktur bölmələrin təklifləri əsasında Elmi Şuranın Elm komissiyasında müzakirə edilərək  keçirilməsi tövsiyə edilən beynәlxalq vә respublika səviyyəli elmi konfranslar barədə əsaslandırılmış  layihə Elmi Şura üzvlərinə təqdim olunub. Qərara alınıb ki, 2021-ci ildə 5 beynəlxalq, 10 respublika səviyyəli elmi konfrans keçirilsin.

 

Elmi Şura professor A.Zamanovun hesabatını qəbul edib.

 

Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev ADPU-da 2020-2021-ci tədris ilinin payız semestrinin yekunlaşdırılması, təhsil proqramları üzrə nəzərdə tutulan semestr imtahanlarının təşkili barədə məlumat verib.

 

Elmi Şura dosent S.Əliyevin hesabatını qəbul edib.

 

Cari məsələlərin müzakirəsi zamanı professor Asəf Zamanov 2021-ci il üçün ADPU-nun fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturasının, elmlər doktoru proqramı üzrə dissertanturasına qəbul planının layihəsini təqdim edib. Təqdimatda ADPU-da elmi və elmi-pedaqoji kadrların hazırlanması istiqamətində həyata keçirilən tədbirlərin keyfiyyətinin yüksəlməsi, ölkəmizdə və xaricdə nüfuzlu dövri-elmi jurnallarda çap edilən elmi məqalələrin sayının artması və bu işdə elmi rəhbərlərin, doktorant və dissertantların uğurları  diqqətə çatdırılıb. Layihənin müvafiq kafedra və fakültələrin təklifləri, həmçinin ADPU-da yüksəkixtisaslı elmi kadrlara olan tələbat  nəzərə  alınmaqla hazırlandığı  xüsusi qeyd edilib. 2021-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 19, dissertanturaya 8, elmlər doktoru proqramı üzrə dissertanturaya 7 yer nəzərdə tutulmuş qəbul planı layihəsi məqsədəuyğun hesab edilib və universitetin müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.  

 

Professor A.Zamanov növbəti cari məsələ - ali məktəblərin, o cümlədən ADPU-nun və elmi-tədqiqat institutlarının magistrantlarının aktuallığı ilə seçilən elmi-tədqiqat işlərinin nəticələrinin nəşr edilməsinin əhəmiyyətini və vacibliyini nəzərə alaraq “Magistrant” dövri-elmi jurnalının təsis edilməsi barədə təkliflərin olduğunu bildirib.

 

Professor Fərrux Rüstəmov, professor Buludxan Xəlilov “Magistrant” dövri-elmi jurnalının təsis edilməsi təklifini yüksək qiymətləndirərək, bunun magistrantların elmi-tədqiqat işlərinin keyfiyyətinə müsbət təsir göstərəcəyini   vurğulayıblar. Adıçəkilən jurnalın təsis edilməsi yekdilliklə qərara alınıb.

 

Daha sonra rektorun müşaviri Ümid Mehdiyev İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin Əsasnaməsinin təsdiqi barədə məlumat verib.

 

Sonda rektor C.Cəfərov qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib.

 

 



03.12.2020 | 16:46