“Vətən müharibəsi dövründə ölkə mediasının rolu”

Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində “Vətən müharibəsi dövründə ölkə mediasının rolu” mövzusunda onlayn elmi seminar keçirilib.

 

Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev Azərbaycan ordusunun qazandığı parlaq qələbələr münasibətilə seminar iştirakçılarını təbrik edib, həmçinin seminarda qoyulan mövzunun aktuallığından danışıb.  O, informasiya savaşında, haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında, sağlam, bilikli və vətənpərvər gənclərin yetişdirilməsində daim öz töhfəsini verən Bakı Dövlət Universitetində Vətən müharibəsində medianın fəaliyyətinə həsr olunmuş layihə üzərində iş aparıldığını bildirib.

 

Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Cahangir Məmmədli 44 gün davam edən Vətən müharibəsində Ordumuzun qazandığı Qələbə münasibətilə iştirakçıları təbrik edib. BDU-nun professor-müəllim heyəti və tələbələrinin informasiya müharibəsindəki fəaliyyəti, mediada yayımlanan yazıları haqqında ətraflı məlumat verib.

 

Daha sonra professorlar- Allahverdi Məmmədli, Qulu Məhərrəmli Ali Baş Komandanın rəhbərliyi, Ordumuzun rəşadəti sayəsində əldə olunan qələbəni, əzəli torpaqlarımızın işğaldan azad olunmasını Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq mərhələ kimi qiymətləndiriblər. Torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsində medianın üzərinə düşən vəzifələr, informasiya savaşı, tələbə-gənclərin mövcud vəziyyətlə bağlı maarifləndirilməsi kimi məqamlara aydınlıq gətiriblər.

 

Milli mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqublu ölkənin orta, ali məktəblərində Vətən müharibəsində qazanılan parlaq qələbənin şagird və tələbə-gənclər arasında daha geniş məlumatlandırılması üçün "Zəfər dərsləri"nin keçirilməsi ilə bağlı təklif irəli sürüb.

 

Övladı vətən uğrunda savaşda iştirak edən fakültənin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva oğlunun timsalında əsgər və zabitlərimizin sağ-salamat evlərinə qayıtmalarını arzulayıb, öz hisslərini iştirakçılarla bölüşüb.

 

Microsoft Teams platforması üzərindən təşkil olunan tədbir müzakirələrlə yekunlaşıb.

 



04.12.2020 | 16:49