MDU-da turizm mövzusunda IV modul təlim

Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU), Mingəçevir Turizm Kollecinin tərəfdaşlığı ilə icra olunan “Turizm sahəsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları” mövzusunda birgə layihənin IV modul təlimi keçirilib.

 

Zoom platforması üzərindən online formatda təşkil edilən təlimdə MDU-nun iqtisadiyyat və idaretmə fakültəsinin dekan müavini Cəlil Bağırov  mövzu və təlimçi haqqında iştirakçılara məlumat verib.

 

Təlimçi “Four Seasons Baku” Hotelinin İnsan resursları və mədəniyyət üzrə bölüm rəhbəri İdil Tumoz Eratay “Turizm və mehmanxana işinin təşkilində kadrların yetişdirilməsi və komanda işi mövzusunda çıxış edib. O, turizm sahəsində kadr hazırlığının müasir tələbləri, peşəkarlığın yüksəldilməsində dil biliklərinin inkişaf etdirilməsi ilə yanaşı, milli, tarixi və mədəni irsimizin öyrənilməsinin vacibliyi, komanda işinin effektiv təşkili və digər məsələlərdən bəhs edib, təmsil etdiyi “Four Seasons Baku” Hotelinin təcrübəsini bölüşüb.

 

Sonda məruzəçi İdil Tumoz təlim iştirakçılarının mövzu barədə çoxsaylı suallarını cavablandırıb.

 

Qeyd edək ki, sözügedən təlim birgə layihə çərçivəsində keçirilən sonuncu təlim idi. Dörd moduldan ibarət təlimlərdə MDU, ATMU və Mingəçevir Turizm Kollecinin əməkdaşları və tələbələri, mövzu ilə maraqlanan digər şəxslər iştirak ediblər. Bütün modullara qoşulmuş iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək.

 

Son dövrdə MDU əmək bazarının müasir tələblərinə uyğun səviyyədə yüksək ixtisaslı kadr hazırlanması məqsədilə sənaye müəssisələri ilə əməkdaşlığın inkişafına xüsusi diqqət göstərir və bu istiqamətdə çoxsaylı birgə layihələr reallaşdırır.

 

 



07.12.2020 | 11:05