ATU-nun Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasında vebinar

Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının əməkdaşları, I kurs magistrant və  doktorantların iştirakı ilə onlayn vebinar keçirilib.

 

Vebinarda kafedranın müdiri professor, əczaçılıq elmləri doktoru,  əməkdar müəllim  Məhbubə Vəliyeva  giriş sözü ilə çıxış edərək Azərbaycan ordusunun əldə etdiyi şanlı qələbə münasibətilə hər kəsi təbrik edib.

 

Sonra gündəlik üzrə məsələlərin müzakirəsi aparılıb. İlk olaraq ATU-nun  Əczaçılıq texnologiyası və Əczaçılıq işinin təşkili ixtisasları üzrə magistraturaya qəbul olunmuş I kurs magistrantların  magistr dissertasiya mövzularının və elmi rəhbərlərinin təyin olunması məsələsinə baxılıb. 

 

Hər iki ixtisas üzrə təhsil alan magistrantlar araşdırdıqları mövzu ilə bağlı 10 dəqiqəlik çıxış ediblər. Onlar mövzunun aktuallığı, məqsəd və vəzifələri, təqdim olunan yeniliklər və praktik əhəmiyyətindən danışıblar.

 

Çıxışlardan sonra mövzular ətrafında geniş diskussiya aparılıb, verilən suallar magistrantlar və onların elmi rəhbərləri tərəfindən cavablandırılıb. Tövsiyələr və iradlar nəzərə alınmaqla mövzular və elmi rəhbərlər təsdiq olunub.

 

Müzakirəyə çıxarılan növbəti məsələ Əczaçılıq üzrə  fəlsəfə doktoru  adını almaq üçün doktoranturaya qəbul olunmuş doktorantların dissertasiya mövzuları və elmi rəhbərlərinin  təyin edilməsi ilə bağlı olub. Əczaçılıq üzrə fəlsəfə doktoru adı almaq üçün Telli  Əlizadə tədqiq etdiyi  “Azərbaycanda dərman vasitələrinin təhlükəsizliyinin  monitorinqi sisteminin  vəziyyətinin öyrənilməsi və onun effektivliyinin optimallaşdırılması” mövzusunu təqdim edib, verilən sualları cavablandırıb.

 

Vebinarda qeyd edilib ki, bu adı almaq üçün kafedranın  3 əməkdaşı doktoranturaya qəbul olunub.

 

Doktorantlar “Pektin əsasında  antiseptik və yarasağaldıcı effektə malik hidrogel terapevtik  sistemlərin işlənib hazırlanma texnologiyası sahəsində tədqiqatlar” (K,Əliyeva), “Təbii mənşəli xammallar  əsasında iltihab əleyhinə  müasir dərman  formalarının   alınma texnologiyasının işlənib  hazırlanması və onların bioəczaçılıq xüsusiyyətlərinin öyrənilməsi sahəsində  tədqiqatlar” (S. Mehralıyeva), “Biyanın əsasında  əczaçılıq məhsullarının yaradılması, onların marketinqinin təşkili və  və milli əczaçılıq sənayesində tətbiqi” (F.Mədətli) işlərini təqdim ediblər.



08.12.2020 | 14:18