MDU-nun əməkdaşları şəhid məzunların ailələrini ziyarət ediblər

Mingəçevir Dövlət Universitetinin (MDU) rəhbərliyi və bir qrup əməkdaşı Vətən müharibəsində şəhid olan universitetin mingəçevirli məzunlarının ailələrini ziyarət edib.

 

Şəhidlərin ailə üzvləri ilə görüşlərdə Əzəmi Hüseynovun və Kənan Abdullayevin Vətən müharibəsi zamanı göstərdiyi şücaət, onların şərəfli həyat yolu və MDU-da keçirdikləri ali təhsil illərindən danışılıb.

 

Hər iki gəncin müqəddəs şəhidlik zirvəsinə yüksəldiyini deyən MDU-nun rektoru Şahin Bayramov onların Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canlarından keçdiklərini vurğulayıb. MDU məzunu olan hər iki qəhrəmanla qürur duyduqlarını qeyd edən Ş.Bayramov layiqli, vətənpərvər oğullar böyüdən valideynlərə dərin ehtiramını ifadə edib. Hər iki ailənin ağır itkisinə şərik olduqlarını diqqətə çatdıran rektor Ə.Hüseynovun və K.Abdullayevin xatirəsinin uca tutulması, şücaətlərinin yüksək qiymətləndirilməsi üçün dövlətimiz tərəfindən bütün zəruri addımların atıldığını bildirib.

 

Ş.Bayramov şəhidlərin adlarının əbədiləşdirilməsi və göstərdikləri qəhrəmanlıqların təbliği istiqamətində universitet tərəfindən davamlı tədbirlərin həyata keçiriləcəyi, MDU-da xatirə guşələrinin yaradılacağı, kollektiv üzvlərinin və tələbələrin hər iki ailə ilə sıx təmasda olacağını qeyd edib.

 



09.12.2020 | 13:00