UNEC-də qida və yüngül sənayenin inkişaf perspektivlərinə həsr edilən konfrans

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)  “Respublikamızda qida və yüngül sənayenin inkişaf perspektivləri, qarşıda duran vəzifələr” mövzusunda IV Respublika elmi-praktik konfrans keçirilib.

 

Konfransın açılışında UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi  departamentinin direktoru, professor Zahid Məmmədov artıq dördüncü ildir ki, ənənəvi olaraq keçirilən elmi-praktik konfransın əhəmiyyətindən danışıb.

 

Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru, professor Tahir Əmiraslanov, Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov, UNEC “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının müdiri, akademik Əli  Abbasov, “DADAŞ” tekstil MMC-nin baş direktoru  Nəsimi Dadaşov və  Azərbaycan Texnologiya Universitetinin İnzibati idarəetmə və kommersiya kafedrasının müdiri, professor Fizuli Məmmədov məruzə ilə çıxış ediblər.

 

Konfrans öz işini bölmə iclaslarında davam etdirib.

 

Qida sənayesinin aktual problemləri bölməsində  qida sektorunun ayrı – ayrı sahələrində istehsal zamanı meydana çıxan bir sıra problemlərin laboratoriya şəraitindəki tədqiqatlara əsasən həlli yollarından bəhs edən geniş müzakirələr aparılıb. Burada  Azərbaycan Milli Kulinariya Mərkəzinin baş texnoloqu, fəxri turizm işçisi E.Məmmədovanın “Qastronomik turizmin azərbaycanda inkişafinin prespektivləri və problemləri”mövzusunda çıxışı  maraqla qarşılanıb.

 

Yüngül sənayenin aktual problemləri bölməsində çıxış edənlər məmulatların hazırlandığı materialın xassələrindən, konstruksiyasından, texnoloji emalından, konstruksiyanın iqtisadi və texnoloji cəhətdən səmərəliliyi, digər amillərdən aslıliğinı elmi-tədqiqat nöqteyi- nəzərdən araşdırmaq üsullarına əsaslanan fikirlər irəli sürüblər. Xüsusilə UNEC Mühəndislik və tətbiqi elmlər kafedrasının əməkdaşları dosent  İ. Rəcəbovun  “Termomexaniki analiz metodu ilə parçaların xətti ölçü dəyişmələrinin tədqiqi” və baş müəllim N. Mahmudovanın “İplik boyama üçün istifadə olunan patron çeşitləri” mövzularında çıxışları dinləyicilərin  marağına səbəb olub.

 

Texnoloji proseslərin müasir idarəetmə üsulları və təhlükəsizlik bölməsində isə yaşadığımız IV sənaye inqilabı mərhələsində sənayenin müxtəlif sahələrində innovativ yönümlü texnologiyaların tətbiqi üsullarının araşdırılması, ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması məqsədi ilə qeyri- neft   sahələrinin inkişafında xüsusi əhəmiyyətindən söhbət açılıb.

 

Konfransın yekun iclasında respublikanın ali məktəbləri ilə istehsalat müssisələri arasında elmi praktiki əməkdaşlığın möhkəmlənməsində belə tədbirlərin ənənəvi olaraq hər il keçirilməsi tövsiyə olunub.

 

Təklif  olunub ki, bir sıra problemlərin, xüsusilə qida təhlükəsizliyi və yüngül sənaye məhsullarının keyfiyyəti ilə bağlı elmi-tədqiqat işlərinin gələcəkdə istehsalatla əlaqəli aparılması daha da gücləndirilsin. Növbəti konfransın tərkibi  sözügedən sahələr üzrə  mütəxəssislər hazırlayan təhsil müəssisələri (elm sahələri) işçilərinin və istehsalatda çalışan mütəxəssislərin iştirakı ilə daha da genişləndirilsin.

 

Konfrans UNEC-in rəsmi Fecebook  səhifəsindən canlı yayımlanıb.

 

 



10.12.2020 | 12:26