“Pandemiya dövründə onlayn telemedicine”

Naxçıvan Dövlət Universitetində (NDU) ABŞ-da yaşayan DOCOFIT şirkətinin qurucusu Rahib Heydərov “Pandemiya dövründə onlayn telemedicine”mövzusunda vebinar təlim keçib.

 

Təlimdə NDU-nun tibb fakültəsi, professor-müəllim heyəti, rezidentlər və tələbələr, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları iştirak ediblər.

 

NDU-nun Elmi Tədqiqatların Əlaqələndirilməsi bölməsinin müdiri Rza Məmmədov  COVİD-19 pandemiyası səbəbi ilə bütün ölkələrdə sağlamlıqla əlaqəli problemlərdə insanların xəstəxanalara getməsi və müayinə olunmasının riskli olduğu bir dövrdə “telemedicine”nin  çox mühüm rol oynadığını bildirib. Bununla bağlı olaraq, Naxçıvanda tibb sahəsində İKT-nın imkanlarından geniş istifadə olunması üçün quruculuq işləri aparılıb və dünya standartlarına cavab verəcək şəkildə formalaşdırılıb.

 

DOCOFIT şirkətinin  qurucusu  Rahib Heydərov “Telemedicine və PEMAR (şəxsi elektron tibb sistemi) haqqında geniş məlumat verib. Onun sözlərinə görə, insan hər hansı bir xəstəlik səbəbindən  həkim yanına gedərsə,  həmin andan etibarən, onun şəxsi tibbi qeyd sistemi yaradılır, çünki burada xəstəliklərin nəzarəti, izlənməsi vacibdir.

 

Təlim iştirakçılarının diqqətinə çatdırılıb ki, bu gün dünyanı ağuşuna alan COVİD-19  virusunun yayıldığı bir vaxtda “telemedicine”dən geniş istifadə olunur. İnsanlar karantin dövründə evdə oturub həkimlə “telemedicine” vasitəsi ilə əlaqə yarada bilir, bununla da qarşı tərəfdəki həkim kilometrlərlə uzaqda olan xəstəsinin sənədlərini əldə edir. Bu vasitə ilə həkim həm xəstə ilə qarşılıqlı görüşür, həm də xəstənin bugünə qədər aparılan analizləri, radioloji testləri, rentgen nəticələrini   birbaşa əldə edə bilir.

 

Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb .

   

 



11.12.2020 | 15:26