Rusiya məktəbləri yeni qiymətləndirmə sistemlərini sınaqdan keçirir

Tezliklə Rusiya məktəblərində əlaçılar və ikialanlar olmayacaq. “Uçitelskaya qazeta”nın məlumatına əsasən, buna səbəb bəzi təhsil təşkilatlarında artıq uğurla tətbiq olunan yeni qiymətləndirmə sistemləridir. Hələlik çoxları əmindir ki, beşballıq şkala şagirdlərin biliklərini obyektiv qiymətləndirməyə imkan verir, lakin bəzi məktəblər artıq bu sahədə eksperimentlərə cəhd edirlər. Məsələn, Moskvadakı 1561 saylı məktəbin ibtidai sinifləri. Burada nə “2”, nə də “5” alan  var.

 

Yenilik hər kəsin -  həm müəllimlərin, həm uşaqların, həm də valideynlərin xoşuna gəlir. Belə bir sistemdə məktəblilərə qiymət verilmir, təqdim olunmuş tapşırıqlar üzrə yaxşı yerinə yetirilmiş məqamlar və səhvlər şagirdlərə göstərilir. O cümlədən də işin diqqətli şəkildə yerinə yetirilməsinə önəm verilir.
 

Əvvəlcə uşaq öz uğurlarını qiymətləndirir.  Lövhədə  iki şaquli şkala (düzgünlük və diqqət) çəkilir. Məktəbli hər birinə işarə qoyur: işarə nə qədər yüksəkdədirsə, şagird özünü bir o qədər yüksək qiymətləndirir. Şagirdlərin özünü qiymətləndirməsindən sonra eyni şkalalarda müəllim də işarələr qoyur.
 

Digər sistemdən - on ballıq şkaladan Volqoqrad şəhərinin 26 nömrəli məktəbində altı ildir ki, uğurla istifadə olunur. Burada ən yüksək qiymətlər 8,9,10 (bu hər kəsə tanış olan "beşlik" dir). Maksimum bal qazanmaq olduqca çətindir. 6 və 7 "dördlük", 3,4,5 isə "üçlük" dir. Belə bir sistem  təhsilin bütün səviyyələri üzrə 6 sinifdə tətbiq olunur.  Onun reallaşması üçün müəllimlər tərəfindən il ərzində qiymətləndirmə meyarları işlənib hazırlanıb. Həmçinin adi ballara keçid şkalası da tərtib olunub. Müəllimlərin sözlərinə görə, yenilik şagirdlərin nailiyyətlərinə müsbət təsir göstərib. Məktəblilər qeyri-kafi qiymət almamaq üçün onlara nə qədər minimum bilik lazım olduğunu daha yaxşı başa düşməyə başlayıblar. 26 nömrəli məktəbdə sistemin əsas qaydalarından biri – keçilən yeni mövzu üzrə cavaba görə  qiymət yalnız şagird istədiyi halda qoyulur. Səylərə görə təşviq balları da nəzərdə tutulub.

 

 

Oruc MUSTAFAYEV

.

 

 



15.12.2020 | 12:03