BSU-da professor Etibar Babayevin 70 illik yubileyi keçirilib

Bakı Slavyan Universitetində (BSU) Jurnalistika kafedrasının professoru, Əməkdar jurnalist, pedaqoq-alim,”Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin Bədii Şurasının sədri Etibar Babayevin 70 illik yubileyinə həsr olunan konfrans keçirilib.

 

Microsoft Teams platforması üzərindən keçirilən konfransda BSU-nun rəhbərliyi, fakültə dekanları,dekan müavinləri, kafedra, şöbə müdirləri və digər struktur bölmələrin məsul şəxsləri, professor-müəllim heyətinin nümayəndələri iştirak ediblər.

 

BSU-nun rektoru, professor Nurlana Əliyeva konfrans iştirakçılarını Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə münasibətilə təbrik edib və bu şanlı, parlaq Qələbənin sevincini,qürurunu xalqımıza yaşatdığı üçün Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə təşəkkür edib.

 

Sonra rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin kollektivi adından professor Etibar Babayevə 70 illik yubileyi münasibətilə təbriklərini çatdırıb:”...50 illik yaradıcılığınızda müəllifi və aparıcısı olduğunuz maraqlı teleradio verilişləriniz, mətbuatda elmi-publisistik məqalələriniz, dərin mənalı kitablarınız, ictimai-siyasi dolğunluğu ilə seçilən çoxsaylı filmlərinizlə  milli jurnalistikamızda dönüş yaratmış parlaq simalardansınız. Azərbaycanla qardaş Türkiyə arasında mədəni əlaqələrin inkişafında uzunmüddətli  səmərəli  xidmətləriniz ürəklərdə həkk olunub. Sovet dönəmində Türkiyədən əsən azadlıq havasını televiziya ekranı vasitəsi ilə hər evə gətirən məhz Etibar Babayev oldu. Bu gün azərbaycanlıların göz-bəbəyi Türkiyənin həmin illərdə ən qapalı və əlçatmaz ölkələrdən biri olduğuna inanmaq çətindir. Bu çətin Sovet atmosferində tamamilə yeni formatda hazırlanmış türk səhnəsinin ulduzları ilə canlı müsahibələrinizdən ibarət “Sözlü-nəğməli İstanbul” müəllif proqramınız yaxınlaşan dəyişiklik ruzigarının rəmzi idi. Televiziya ekranından tamaşaçılar tək jurnalist Etibar Babayevi  deyil, yeni zamanın carçısını izləyirdilər”.  2007-ci ildən BSU-da  səmərəli elmi-pedaqoji fəaliyyətiniz,  Jurnalistika kafedrasının yaradılmasında və formalaşmasında fəal iştirakınızla, təşəbbüsünüz və təşkilatçılığınız ilə BSU-da Heydər Əliyev tələbə radio studiyasını  yaratmağınız, universitetin ictimai-mədəni həyatında yaxından iştirak etməyinizlə rəhbərliyin və kollektivin dərin hörmətini qazanmısınız”.

 

Rektor çıxışının sonunda professor E.Babayevə  gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayıb.

 

Konfransda Jurnalistika kafedrasının müdiri, professor,Əməkdar jurnalist Şəlalə Həsənova, həmin kafedranın dosenti Mübariz Əhmədov E.Babayevin həyat və yaradıcılığı haqqında məruzələrlə çıxış ediblər.

 

Tədris işləri üzrə prorektor, professor Telman Cəfərov, elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov, tərbiyə işləri üzrə prorektor,dosent Xanım Sultanova, Jurnalistika kafedrasının professoru Şahbaz Musayev, həmin kafedranın müəllimi Əhməd Əsgərov və başqaları çıxış edərək E.Babayevi istedadlı jurnalist, yüksək səviyyəli alim-mütəxəssis, nəcib, səmimi, qayğıkeş, xeyirxah insan,əsl ziyalı, gözəl ailə başçısı kimi səciyyələndirərək ona ən xoş arzu və diləklərini çatdırıblar.

 

Sonda professor E.Babayev göstərilən diqqət və qayğıya görə BSU-nun rəhbərliyinə təşəkkür edib.

 

 

 



15.12.2020 | 17:20