İnformasiya Texnologiyaları İnstitutunun 2020-ci il üzrə elmi nəticələri müzakirə olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri hər il olduğu kimi, bu il də beynəlxalq əməkdaşlığı davam etdirib, prioritet istiqamətlərdə elmi tədqiqatlarda fəal iştirak edib, mühüm elmi nəticələrin əks olunduğu məqalələr “Web of science”, “Scopus” kimi nüfuzlu elmi bazalara daxil tanınmış beynəlxalq jurnallarda nəşr olunub.

 

İnstitutun növbəti onlayn elmi seminarında əməkdaşların cari il üzrə əldə etdikləri mühüm elmi nəticələr müzakirə edilib.

 

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev öncə rəhbərlik etdiyi qurumun elmi fəaliyyətindən bəhs edib, doktorantura və dissertantura yolu ilə yüksəkixtisaslı elmi kadrların hazırlanması, gənclərin elmə cəlb edilməsi, mövcud intellektual potensialdan maksimum şəkildə istifadə olunmasının vacibliyini vurğulayıb. 

 

Hazırda institutda bir neçə alimin elmlər doktorluğuna namizəd olduğunu deyən akademik onların öz fəaliyyətini uğurla davam etdirdiyini, multidissiplinar tədqiqatlarla məşğul olduğunu söyləyib.

 

R.Əliquliyev institutdaxili elmi seminarların gücləndirilməsi, bu kimi tədbirlərdə hər bir şöbə əməkdaşının fəal iştirakı, eləcə də riyazi biliklərin dərinləşdirilməsinin bütövlükdə institutun elmi fəaliyyətinin optimallaşdırılması baxımından zəruri olduğunu diqqətə çatdırıb.

 

AMEA-nın vitse-prezidenti qeyd edib ki, əldə olunan hər bir mühüm elmi nəticə institutun elmi seminarlarında geniş şəkildə müzakirə olunmalı, aparılan uğurlu tədqiqatlar barədə ictimaiyyətə məlumatlar verilməlidir.

 

Sonra institut əməkdaşlarının 2020-ci il üzrə əldə etdikləri, qurumun alim və mütəxəssislərinin həmmüəllifliyi ilə əldə edilmiş mühüm elmi nəticələr təqdim olunub.

 

İnstitutunun şöbə müdiri, dosent Yadigar İmamverdiyev Milli informasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi üçün yeni nəsil təhdidlərin aşkarlanması və qiymətləndirilməsi modellərinin təklif olunduğunu, institutun texnologiyalar üzrə direktor müavini, dosent Rəşid Ələkbərov Mobil bulud resurslarının optimal paylanma infrastrukturunun sintezi üçün metod və alqoritmlərin işlənildiyini, şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev Böyük həcmli verilənlərin (Big Data) intellektual analizi üçün konsensus çəkili klasterləşdirmə metodu və paralelləşdirilmiş k-means alqoritminin işlənildiyini,  dosent Fərqanə Abdullayeva Neft-qaz sənayesində mədən avadanlıqlarında qəzaların proqnozlaşdırılması üçün hibrid dərin neyron şəbəkə arxitekturları və müvafiq təlim alqoritmlərinin işlənildiyini diqqətə çatdırıb.

 

Daha sonra institutun şöbə müdiri Məsumə Məmmədova Tibbi sosial media resurslarının kontent-statistik analizi əsasında həkim-pasiyent fəallığının qiymətləndirilməsi və səmərəli tibbi qərarların qəbulunu dəstəkləyən konseptual modelin təklif olunduğunu, şöbə müdiri, dosent Fərhad Yusifov Əhali rəylərinin intellektual analizi əsasında elektron dövlət xidmətlərinin vətəndaş məmnuniyyəti meyarına görə qiymətləndirilməsi üçün bir sıra metodların işlənildiyini, dosent Şəfəqət Mahmudova isə Proqram məhsullarının çoxmeyarlara görə seçilməsi, səmərəliliyinin artırılması və idarə olunmasının optimallaşdırılması üçün metodların işlənildiyini nəzərə çatdırıb.

 

Hər bir elmi nəticəyə dair geniş müzakirələr aparılıb, tədqiqatların daha da dərinləşdirilməsi, yeni istiqamətlərdə davam etdirilməsi ilə bağlı təklif və tövsiyələr səsləndirilib.

 

 



21.12.2020 | 14:19