Müəllimlikdə yüksələcəkdi, şəhidliyə ucaldı

Ölkə Prezidentinin Sərəncamı ilə  “Vətən uğrunda” medalı ilə təltif edilən müəllimlərimizdən biri Kənan Müzəffərlinin bu gün doğum günüdür. Yaşasaydı, 25 yaşı olacaqdı.

 

Kənan müəllim 1995-ci ildə Gədəbəyin Çalburun kəndində doğulub. O,  Abdullayevlər ailəsinin ikinci usağı idi.  Atası Azər Abdullayev onun soyadını öz atası Müzəffərin adı ilə - Müzəffərli yazdırdı. Bununla da oğlunun taleyinə müzəffərlik yazdırdığının fərqində deyildi yəqin ki!

 

Kənan da hər kəs kimi böyüdü. Vaxtı gələndə Çalburun kəndində orta məktəbə getdi. Yaxşı oxuyurdu. Sadəcə oxumaqla kifayətlənmir, fiziki cəhətdən də özünü inkişaf etdirirdi. İdman hərəkətləri onun sağlam və güclü yetişməsinə səbəb olurdu. Sakit, qarışqanı belə incitməkdən ehtiyat edən Kənan Müzəffərli üçün yolunu seçmək vaxtı çatdı. O da seçimini etdi: Sumqayıt Dövlət Universitetinə qəbul olundu. Ana dilinə və müəllimliyə olan sevgisi onun Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisasına seçim üstünlüyü verməsinə səbəb oldu. Atası Azər Abdullayev deyir ki, tələbəliyində də çətinliyi olmadı. Tez-tez tələbə yoldaşlarını və müəllimlərini ata yurdunda qonaq etdi. Ali məktəbi də bitirdi.

 

Öncə əsgər…

 

Budur, gözlərini yumub açınca Azər müəllimin oğlu hərbi xidmət çağına gəldi. Öz üzərində işlədiyi fiziki hazırlığından da görünürdü. Ona görə də xüsusi təyinatlı dəstədə xidmət üçün seçildi. Kənan Müzəffərlinin döyüşlə müharibə ilə tanışlığı da elə bu dövrə təsadüf etdi. Naxçıvanda xidmət edən xüsusi təyinatlı əsgər K.Müzəffərli 2018-ci ilin iyun ayında əks-həmlə əməliyyatlarında iştirak edərək qələbəni daddı, qalib ordunun əsgəri olmağın qürurunu yaşadı. Ötən əsrin 90-cı illərindən Ermənistanın işğalı altına düşən 11 min hektar ərazi və mühüm strateji yüksəkliklərin azad olunmasında iştirak etdi. Azərbaycan Ordusunun əsgəri olaraq ilk qələbəsini qazananda ağlına gəlmədi ki, keçdiyi uğurlu qısa hərbi yolun hələ davamı da var. Ancaq o, bundan xəbərsiz hərbi xidmətini başa vurub müəllimlərin işə qəbulu müsabiqəsinə qatıldı. Axı o, müəllim olmağa qərar vermişdi. İlk cəhdində istəyinə nail oldu. 2019-2020 -ci dərs ilində rayonun Dəyəqarabulaq kənd tam orta məktəbinə müddətli müqavilə əsasında işə qəbul olundu.

 

…Sonra müəllim oldu

 

Kənan müəllim kimi dərs demək üçün qonşu  kəndə gedən Surxay İbrahimov, sadəcə həmkəndlisini, həmkarını yox, həm də yol yoldaşını itirib: “Kənan müəllimi uşaqlığından tanıyırdım. Ancaq sonra onunla yol yoldaşı da olduq. Ötən il pandemiya başlayan vaxt məktəblərimizə bir yerdə gedirdik. Bir kənddə yaşasaq da, işləməyə ayrı-ayrı kəndlərə gedirdik. Hər gün 45 dəqiqə bir yerdə gedir, 45 dəqiqəyə də qayıdırdıq. Onda olan həvəs, enerji bir yana, insanlıq keyfiyyətləri də diqqətimi cəlb edirdi. Ziyalı bir müəllim ailəsində doğulub- böyüdüyü hər davranışından bəlli olurdu. Onunla bağlı hər zaman yaxşı sözlər eşitmişdim. Yol yoldaşlığı eşitdiklərimi görmək imkanı verdi. Tanıdıqca anladım ki, onunla bağlı deyilənlər azdır ki, çox deyil. Bacısı mənim qonşumdu. Onunla, bacısı oğlu ilə rəftarı, onlara qayğısı, gənclər arasında hörməti diqqətimdən yayınmadı. Kəndlərimiz qar yağanda keçilməz olur. Keçən qış da belə çətin bir hava şəraiti yaranmışdı.Düşünürdüm ki, məktəbə gedə bilmərik. İsrarla dedi ki, mütləq getməliyik. Müəllimliyə olan həvəsini, uşaqlara olan sevgisini hamı görürdü. Elə bir insan, elə bir gənc haqqında danışmaq mənim üçün çox çətindi. Vətənə layiq oğul oldu. Hər birimiz onunla fəxr edirik”.

 

İndi isə bir qəhrəmandır

 

Bu ilin aprelində iş yerində daimiləşdi. Həyatda nə daimidir ki, iş yeri də olsun? Gənc müəllimin həyatı belə oldu. Mülki geyimini yenidən bir il əvvəl soyunduğu hərbi geyimə dəyişdi. Çünki müharibə başladı. Tez-tez Ermənistanın təxribatlarına məruz qalan bir rayonda böyüyən gənc müəllim bu savaşdan kənarda qala bilməzdi ki! Qalmadı da. O da tay-tuşları, özü kimi vətən sevgisi ilə alışıb-yanan igidlərlə çiyin-çiyinə vuruşdu. Oktyabrın 25-dək savaşdı və həmin gün Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdən birində şəhid oldu. Oktyabrın 26-da ana torpağa təslim edilən canı, qanı ilə Vətəninin canına can, gücünə güc qatdı.

 

Şəhid müəllimi bu gün sadəcə atası, ailəsi yox, məktəbi, dərs dediyi və doğulduğu kənd, bütün Azərbaycan qürurla anır.

 

Ruhiyyə DAŞSALAHLI  

 

 



22.12.2020 | 14:35