“Erkən evliliyin potensial qurbanlarını necə xilas etməliyik?”

Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi" üzrə  icra edilən “Bizə qoşul və xilas et!” layihəsi çərçivəsində növbəti onlayn tədbir keçirilib.

 

“Erkən evliliyin potensial qurbanlarını necə xilas etməliyik?” adlı maarifləndirici seminar Microsoft Teams proqramı vasitəsilə reallaşdırılıb.

 

Ağsu Rayon Təhsil Şöbəsi əməkdaşları, təhsil ictimaiyyətinin nümayəndələri, layihə üzrə ekspertlər,  rayonun ümumtəhsil məktəblərində təhsil alan  şagirdlər,  valideynlər, tibb işçiləri, ümumilikdə 184 nəfərlik heyətin iştirak etdiyi seminarda erkən evliliklərin bioloji fəsadlarından söz açılıb.

 

Layihə rəhbəri, Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin biologiya müəllimi Ziba Məmmədova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlərdən danışıb. O,  “Ailə xilaskarları” onlayn klubunun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, “Erkən evliliyin fəsadları" adlı bukletlər  ictimaiyyətə təqdim olunub. 

 

Seminarda iştirak edən müəllimlər, könüllü gənclər, valideynlər və məktəblilər mövzu ətrafında fikir mübadiləsi aparıblar. Məktəbliləri maraqlandıran suallar cavablandırılıb. Problemin həlli yolları müzakirə edilib.

 

Sonda sözügedən mövzuda "Ailə xilaskarları" könüllü klubunun üzvləri tərəfindən hazırlanan sosial çarxlar tədbir iştirakçılarına təqdim olunub.

 

 



23.12.2020 | 16:03