ADU-da amerikalı tələbələr üçün yay məktəbi fəaliyyətə başlayıb

Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDT) Proqramı üzrə Azərbaycan dilini öyrənmək məqsədi ilə ölkəmizə gəlmiş 5 amerikalı tələbə üçün yay məktəbi fəaliyyətə başlayıb.

 

Yay məktəbinin tələbələri ilə görüşən ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova onlara universitet haqqında ətraflı məlumat verib.

 

Amerika Şurasının ölkə direktoru Jodi Blankenşip və amerikalı tələbələrlə iş üzrə rezident direktoru David Gibson uzun illərdir davam edən layihə haqqında danışıb və öncəki layihələyin yüksək səviyyədə təşkil olunduğunu, tələbələrin lazımi biliklərə yiyələndiklərini söyləyiblər.

 

Sonra amerikalı tələbələr Azərbaycan haqqında ilkin fikirlərini bölüşüblər.

 

“Yay məktəbi” proqramı üzrə koordinator Ramiqə Şirəliyeva tələbələri dərs və gəzinti proqramları ilə tanış edib.

 

Sonda amerikalı tələbələr üçün təlimatlandırıcı videoçarx nümayiş olunub.

 

Qeyd edək ki, intensiv dil təlimi və təşkil olunmuş mədəni maarifləndirici təcrübə təqdim edən yay məktəbi iyunun 3-dən avqustun 3-nə kimi davam edəcək. Azərbaycan Dillər Universiteti  ABŞ-ın Dövlət Departamenti ilə əməkdaşlıq çərçivəsində bu layihəni yeganə ali məktəb olaraq həyata keçirir. Önəmli Dil Tələbələri sırasına Azərbaycan dilini başlanğıc, orta və inkişaf etmiş səviyyələrdə bilən tələbələr qatılıb. Tələbələr Azərbaycan dilini öyrənməklə yanaşı, ölkəmizin tarixi, coğrafiyası, iqtisadiyyatı, həmçinin mədəniyyəti, incəsənəti, musiqisi, hətta mətbəxi haqqında biliklərə sahib olacaqlar. Proqrama əsasən Azərbaycan dilini, mədəniyyətini, rəqsini və mətbəxini öyrənməklə yanaşı, amerikalı tələbələrin şəhərin görməli yerlərini, həmçinin muzeyləri, teatrları, "Yanardağ” Dövlət Tarix-Mədəniyyət, "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu, maddi mədəniyyət abidələri, dini yerləri və regionları ziyarət etmələri də nəzərdə tutulur.

 



07.06.2018 | 13:29