Qubada şagirdlər arasında keçirilən təlimlər başa çatıb

Quba rayonu Talabıqışlaq kənd tam orta məktəbinin müəllimi Nərgiz Mahmudova tərəfindən icra edilən “Sözün sehri- şagirdlərin natiqlik və təqdimat bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində müəllimlər və şagirdlər üçün təşkil olunan “Natiqlik və təqdimat bacarıqları” mövzusunda təlimlərin birinci mərhələsi yekunlaşıb.  

 

Təlimlərə Quba şəhər 2,5 və 6 saylı, Fizika, Riyaziyyat və İnformatika təmayüllü Lisey, Qubanın  Hacıqayıb, Alekseyevka, Qəçrəş, Bağbanlı və II Nügədi kənd 3 saylı tam orta məktəblərinin 7-10-cu siniflərində təhsil alan, ümumilikdə 64 şagird cəlb edilib.

 

Microsoft Teams platforması üzərindən distant  keçirilən təlimlər 3 gün davam edib. Bu müddət ərzində şagirdlərə peşəkar təlimçi tərəfindən natiqlik sənəti, kütlə qarşısında çıxış zamanı nəzərə alınacaq xüsuslar, təqdimat bacarıqları, uğurlu və uğursuz təqdimatın xüsusiyyətləri mövzularında məlumatlar verilib.

 

Təlimlərin sonunda layihə çərçivəsində keçiriləcək natiqlik forumunda “Yaxşı təhsil yalnız məktəblərdə verilə bilər” mövzusunda hazırlanacaq təqdimatla bağlı qaydalar diqqətə çatdırılıb.

 

Layihə rəhbəri N.Mahmudova şagirdlərin özünüifadə bacarıqlarının artırılması, natiqlik və təqdimatetmə vərdişlərinin yüksəldilməsi istiqamətində təşkil olunan layihəyə dəstək verdiyinə görə Təhsil Nazirliyinə təşəkkürünü bildirib  və bu kimi layihələrin gələcək nəslin inkişafında müstəsna rol oynadığını qeyd edib.

 

Məlumat üçün bildirək ki, layihənin yekun forumunda təqdimatları ilə iştirak edəcək şagirdlər arasından münsiflər heyətinin qərarı ilə ən uğurlu təqdimat müəllifləri seçilərək sertifikat, medal, kubok və kitab hədiyyələri ilə təltif olunacaq.

 

Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalib olan layihə 2021-ci il 15 mart tarixinə qədər davam edəcək.

 



28.12.2020 | 16:17