UNEC-də "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda konfrans

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda onlayn konfrans keçirilib.

 

İqtisadiyyat fakültəsi və fakültə mentorluq xidmətinin təşkilatçılığı ilə keçirilən konfransda fakültə dekanı, dosent Asiman Quliyev mövzunun əhəmiyyətindən danışaraq, məişət zorakılığı ilə bağlı problemlərin hələ də öz aktuallığını saxladığını bildirib.

 

Konfransda İqtisadiyyatın tənzimlənməsi kafedrasının baş müəllimi Aytən İbadova “Məişət zorakılığının qiymətləndirilməsinin hüquqi əsasları”, dosent Ələddin Hacılı “Məişət zorakılığının sosial-iqtisadi aspektləri, DQƏTM-in direktor müavini, Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə kafedrasının dosenti Təranə Kərimova “Gender bərabərliyi dövlət və cəmiyyətin ortaq problemidir”, Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov “İslam cəmiyyətində qadının rolu” mövzularında çıxış ediblər.

 

Çıxışlarda məişət zorakılığının subyektləri, cəmiyyətdə və məişətdə qadın zorakılığı, zorakılığın formaları, erkən və məcburi nikah barədə ətraflı məlumat verilib. Məişət zorakılığına məruz qalanların əsasən, qadın və uşaqlar olduğu vurğulanaraq, dünyada hər 3 qadından birinin gender əsaslı zorakılıqdan əziyyət çəkdiyi qeyd edilib. Bildirilib ki, bu gün dünyanın ən mühüm problemlərindən biri olan məişət zorakılığının qarşısının alınması üçün güclü qanunvericilik bazası və dövlət dəstəyi ilə yanaşı, cəmiyyətin, xüsusilə vətəndaş cəmiyyətinin zorakılıq hallarına adekvat reaksiyası olmalıdır.

 

Problemlə mübarizədə müdafiə mexanizmləri ilə yanaşı, qanunvericilik sahəsində islahatların və təşəbbüslərin əhəmiyyəti vurğulanıb. Qadınların, xüsusilə də bölgələrdə yaşayan qız uşaqlarının təhsilə cəlb edilməsinin, erkən nikahla mübarizədə ciddi ictimai qınağın və sərt cəza tədbirlərinin həyata keçirilməsinin vacibliyi qeyd edilib.

 

Konfrans müzakirələrlə davam edib. Tədbirdə ictimaiyyət arasında ailə mədəniyyəti, gender bərabərliyi üzrə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, medianın bu sahədə fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində təkliflər səsləndirilib.

 

 



29.12.2020 | 10:32