Azərbaycanın ənənəvi xalçaçılıq sənətinə həsr olunmuş festival keçirilib

Dekabrın 28-də Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə layihəsi çərçivəsində VI Azərbaycan Mədəni və Tarixi Ənənələri Festivalı keçirilib. Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş festivalın budəfəki mövzusu “Azərbaycan xalçaları” olub.

 

Festivalın birinci mərhələsinin yekunu ilə bağlı tədbirdə çıxş edən təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan xalçaçılıq sənətinin qədim və zəngin tarixə malik olduğunu deyib. Nazir müavini bu qədim sənətin ölkəmizdə davam və inkişaf etdirilməsi üçün mühüm işlər görüldüyünü vurğulayıb.

 

Firudin Qurbanov təəssüf hissi ilə qeyd edib ki, erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdən Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, o cümlədən dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları qarət edilib.

 

Nazir müavini bildirib ki, xalçanın onu yaradıcı xalqın həyatında necə böyük əhəmiyyət kəsb etdiyi bədii ədəbiyyatda  da öz əksini tapıb. Xatırladıb ki, buna ən bariz nümunə görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanıdır. Romanda “Yusif-Züleyxa” xalçasını ingilisə satmaqdan qəti imtina edən Sonaya bütün xalq arxa durur. Onun qətiyyətli hərəkəti, “İtə ataram, yada satmaram” qənaəti xalqın birliyindən, mübarizə amalından, işğalçılara nifrət hissindən, milli varlığa sonsuz sevgisindən güc alır. Mir Cəlal xalqın nümayiş etdirdiyi bu milli həmrəyliyi, yenilməz iradəni sevə-sevə tərənnüm edir.

 

Firudin Qurbanov əlavə edib ki, bu gün dövlətin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycanda xalça sənəti öz inkişafının yeni mərhələsini yaşayır. Dövlət qayğısının nümunəsi olan və 2014-cü ildən fəaliyyətə başlayan Xalça Muzeyi Azərbaycan xalçasının dünya miqyasında yetərincə təbliğinə və tanınmasına töhfəsini verir. Müasir tələblərə cavab verən muzeydə toplanılan nümunələr xalqımızın tarixini özündə ehtiva edir.

 

Tədbirdə məlumat verilib ki, festival günlərində Bakı Avropa Liseyinin şagirdlərinin bir-birindən maraqlı ssenarilər əsasında ölkəmizin ayrı-ayrı regionlarına aid xalçalar, onların əsas xüsusiyyətləri və s. haqqında hazırladıqları videoçarxlar liseyin “Facebook” səhifəsində və “YouTube” kanalında, həmçinin muzeyin Uşaq şöbəsinin “Facebook” səhifəsində paylaşılıb, izləyicilər tərəfindən heyranlıqla qarşılanıb. Festival çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin mütəxəssisləri şagirdlərə “Azərbaycan xalçanı tanı, tanıtdır” mövzusunda onlayn mühazirələr də keçiblər. Beləliklə, layihənin birinci hissəsi pandemiya səbəbindən həm müəllimlər və şagirdlər, həm də muzey mütəxəssisləri üçün onlayn təqdimatlar şəklində reallaşdırılıb. Layihənin praktiki hissəsi isə gələcəkdə həyata keçiriləcək.

 

 



29.12.2020 | 09:48