“Təhsilin strateji planlaşdırılması: düşüncələr və perspektivlər”

İyunun   7-də   "ADA" Universitetində  Avropa  İttifaqının Bakı nümayəndəliyinin  dəstəyi ilə  “Təhsilin strateji   planlaşdırılması: düşüncələr və perspektivlər”  adlı  III  Elmi  Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb. Tədbiri açan  "ADA"  Universitetinin  prorektoru Vəfa Kazdal qeyd edib ki,  ikigünlük konfransın əsas məqsədi  2013-cü ilin oktyabrında ölkə başçısı Prezident İlham Əliyevin imzaladığı  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsindən keçən son  beş il ərzində əldə edilmiş nəticələrin beynəlxalq təcrübə ilə müqayisədə təhlili və müzakirəsini aparmaqdır.  "ADA"  Universitetinin  rektoru Hafiz Paşayevin salamlarını qonaqlara çatdıran V. Kazdal tədbirin  xalqımız üçün əlamətdar və qürurverici  olan bir tarixi hadisəyə -  Azərbaycan Xalq Cümhuriyyətinin  100 illik yubileyinə təsadüf etdiyini bildirib. AXC-nin yaranması ilə  təhsilimizin yeniləşməsi istiqamətində də addımlar atıldığını deyən V.Kazdal bu  illər ərzində təhsilin,  maarifin bünövrəsinin qoyulduğunu  diqqətə çatdırıb. V.Kazdal elmi konfransa  50-dən çox tədqiqat işinin  təqdim olunduğunu, onlardan 15 -nin  Elmi Şura  tərəfindən  bəyənildiyini, konfrans gedişində  iştirakçılara təqdim olunacağını bildirib. V.Kazdal çıxışının sonunda  konfransa göstərdikləri dəstəyə görə  Təhsil Nazirliyinə və  Avropa İttifaqının Azərbaycan nümayəndəliyinə minnətadarlığını çatdırıb.

 

Konfransda çıxış edən təhsil naziri Ceyhun Bayramov "ADA" Universitetində artıq ənənə halını almış təhsil konfransının təhsil ictimaiyyəti üçün mühüm tədbirə çevrildiyini bildirib.  O qeyd edib ki,  "ADA"   Azərbaycanın ən qabaqcıl təhsil müəssisələrindən biridir  və burada təhsil sahəsi ilə bağlı xüsusi fakültənin, təhsil sahəsində akademik proqramların mövcudluğu, tədqiqatların aparılması və müxtəlif layihələrin həyata keçirilməsi təhsil işçiləri üçün önəmli hadisədir.  Təhsil naziri  bir neçə gün əvvəl  "ADA"  Universitetində  ölkə başçısı İlham Əliyevin səsləndirdiyi “Əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Təbii resurslar yox, məhz biliklər.  Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin”  fikrini diqqətə çatdırıb. Onun sözlərinə görə, təhsil sahəsində strateji hədəfləri müəyyən edən və Təhsil Nazirliyi üçün fəaliyyət planı xarakteri daşıyan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan təxminən 5 il vaxt keçir. Bu 5 ilə yaxın bir müddət ərzində bir sıra hədəflərə çatmaq istiqamətində mühüm addımlar atılıb, vacib nailiyyətlər əldə edilib.  Təhsilin məzmunu, müəllim, idarəetmə, infrastruktur və maliyyələşmə sahəsində bir çox təşəbbüslər reallaşdırılmış, pilot layihələr həyata keçirilib. Təhsil siyasətinin vacib göstəriciləri olan əhatəlilik, keyfiyyət, bərabər imkanlar və səmərəlilik baxımından əldə olan bütün rəqəmlərə əsaslansaq, bütün sadalanan məsələlər üzrə müsbət dinamika əldə edilib. Bundan əlavə tədris planlarının strukturu, dərs yükünün həcminin, digər amillərin  şagird nailiyyətlərinə və sağlamlığına təsiri, ayrı-ayrı fənlərin məzmun və qiymətləndirmə çərçivələri istiqamətində tədqiqatlar Təhsil Nazirliyinin maraq dairəsindədir.

 

Təhsil naziri qeyd edib ki, son 3 ildə Azərbaycanda məktəbəhazırlıq ilə əhatəlilik səviyyəsi 24%-dən 65%-ə qədər qalxıb, heç bir zaman məktəbəhazırlıq təşkil edilməyən yüzlərlərlə yaşayış məntəqəsi əhatə edilib. Ölkənin tarixində ilk dəfə olaraq 130 mindən artıq müəllim diaqnostik qiymətləndirməyə cəlb edilib, onların müvafiq ehtiyacları müəyyən olunub.   Digər müsbət tendensiya, yüksək bal toplayan abituriyentlərin müəllimlik peşəsini seçməsidir. 2014-cü ildə 500 bal və daha artıq toplayan 674 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub.

 

"Şagirdlərin I sinfə qəbulu zamanı elektron sistemin tətbiq edilməsi, ərazi prinsipinin əsas götürülməsi, məktəb-icma münasibətlərinin yaxşılaşdırılması, məktəb mühitinin yaxşılaşdırılmasına yönəlmiş “Məktəblinin dostu” layihəsi və digər tədbirlər bu istiqamətdə görülən islahat yönlü tədbirlərdir. Bu istiqamətdə istər "ADA"  Universiteti, istərsə də digər tədqiqat qrupları ilə əməkdaşlıq etmək istərdik".

 

Sonra Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, "ADA"  Universitetinin prorektoru Fariz İsmayılzadə çıxış edərək Dövlət Startegiyasının qəbulu və sonrakıl illərdə təhsil sistemimizdə baş vermiş dəyişikliklər barədə məlumat veriblər.

 

Daha sonra Böyük Britaniyanın Oksford Universitetinin professoru Deyvid Briksin konfrans iştirakçılarına videomüraciəti təqdim olunub. Müraciətdə Dövlət Strategiyasının istiqamətləri barədə mövcud beynəlxalq təcrübə konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

 

Konfransın işi “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına” dair dörd istiqamətdə - “Bacarıqlara əsaslanan təhsil məzmununun inkişaf etdirilməsi”, “Təhsil sistemində insan resurslarının müasirləşdirilməsi”, “Şəffaf və səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılması” və “Son texnoloji tələblərə cavab verən infrastrukturun yaradılması” panelləri üzrə davam edib.

 

 

 



07.06.2018 | 14:29